Kriminal Özəl

"Zibil yığmaqda niyə kömək etmirsən?" dedi, döydüm"

Zibil yığmaqda niyə kömək etmirsən? dedi, döydüm

Qusar rayonunda iki nəfərin mübahisəsi cinayətlə nəticələnib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, 1993-cü il təvəllüdlü Vahid həmyerlisi Azad (adlar şərti verilib – red.) ilə mübahisə edib. Mübahisə zamanı o, Azadı vuraraq ona xəsarətlər yetirib.

Faktla bağlı Vahidin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Vahid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, məlum hadisə günü, səhər saat 6 radələrində Qusar şəhəri, M.İbrahimov küçəsində iş vaxtı yolların kənarında məişət-tullantılarını yığıb:

“Həmin vaxtı Azad niyə digər küçədə olan zibilləri yığmağa ona köməklik göstərmədiyimi dedi, mənə öz iradını bildirdi. Elə bu səbəbdən də onunla aramızda söz mübahisəsi yarandı. Mübahisə zamanı əsəbləşərək 1 dəfə yumruq zərbəsi ilə onun sifət nahiyəsinə vurdum”.

Təqsirləndirilən şəxs ifadəsinin sonunda törətdiyi əməlindən peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını, sonuncunun ona qarşı heç bir şikayətinin, tələbinin olmadığını deyib.

Qusar Rayon Məhkəməsinin hökmü ilə Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Onun barəsində olan cinayət təqibinə xitam verilib.

Fariz Məlikli

D
demokrat.az