Beynəlxalq tədqiqatçılar qrupu soğanın dadını və qoxusunu sevən insanların ikinci tip şəkərli diabet və yüksək arterial təzyiqdən daha az əziyyət çəkdiyini müəyyən edib.
Araşdırmanın nəticələri “BMC Medicine” jurnalında dərc olunub.
Qidalanma ilə sağlamlıq arasındakı əlaqə uzun illərdir öyrənilsə də, konkret məhsulların xəstəlik risklərinə təsirini dəqiq müəyyənləşdirmək çətindir. Çünki insanların qida vərdişlərinə həyat tərzi, sosial amillər və mövcud sağlamlıq problemləri eyni dərəcədə təsir göstərir.
Bu maneəni dəf etmək üçün mütəxəssislər genetikaya əsaslanan fərqli metoddan istifadə ediblər. Onlar Böyük Britaniya Biobankının iştirakçılarının genetik göstəricilərini və qida seçimlərini təhlil ediblər.
Alimlər dad və qoxu hissi ilə bağlı 325 geni, həmçinin bu genlərin 140 müxtəlif məhsula olan maraqla bağlılığını araşdırıblar. Ən diqqətçəkən məqam məhz soğanla bağlı qeydə alınıb. Məlum olub ki, “OR2T6” qoxu reseptoru geninin müəyyən variantı bu tərəvəzin dad və qoxusunun bəyənilməsinə birbaşa təsir edir.
Daha sonra mütəxəssislər sözügedən genetik xüsusiyyətin sağlamlıq vəziyyəti ilə əlaqəsini yoxlayıblar. Təhlillər göstərib ki, soğanı sevməyə zəmin yaradan gen daşıyıcılarında arterial hipertenziya və ikinci tip diabetin yaranma ehtimalı xeyli aşağıdır.
Tədqiqat müəllifləri hələlik birbaşa səbəb-nəticə əlaqəsindən danışmağın tez olduğunu vurğulayırlar.
Yəni araşdırma yalnız soğan yeməyin bu xəstəliklərdən tam qoruduğunu sübut etmir. Bununla belə, əldə olunan göstəricilər soğanın tərkibindəki bioloji aktiv maddələrin faydalı roluna işarə edir və gələcək elmi işlər üçün yeni imkanlar açır.
İsmayıl Demokrat.az


