Oğuz rayonunda əsgər yola saldı məclisində dava düşüb.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə Oğuz şəhəri, Arzu Əliyev küçəsində yerləşən “Nizami” şadlıq sarayının qarşısında baş verib.
1984-cü il təvəllüdlü Sahil orada olan tanışı Vüqara (adlar şərtidir – red.) həmin vaxt evə getməməsini deməsindən sonra aralarında mübahisə yaranıb. Sözlü mübahisə zamanı ictimai qaydanı kobud surətdə pozan xuliqanlıq hərəkətləri edən Sahil Vüqarın baş və bədəninin müxtəlif hissələrindən şillə, təpiklə bir neçə dəfə vurub.
Sahilin barəsində Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Sahil ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib və ifadəsində göstərib ki, hadisə zamanı sərxoş vəziyyətdə olduğundan hadisəni tam xatırlamasa da, xatırladığı qədəri ilə deyə bilər ki, məlum hadisə günü, günorta saatlarında bibisi nəvəsinin əsgər qonaqlığında iştirak etmək üçün “Nizami” şadlıq sarayına gəlib:
“Mənimlə birlikdə əsgər qonaqlığında Vüqar da iştirak etdi. O, Kəlbəcər rayonu, Keşdək kəndindən məcburi köçkündür və uzun müddətdir ki, Oğuz rayonu, Kərimli kəndində yaşayır. Vüqarla uzun müddətdir ki, dost olmuşuq və onunla heç bir ədavətim, düşmənçiliyim yoxdur. Vüqarla şadlıq sarayında eyni masada əyləşmişəm və həmin vaxtı spirtli içki qəbul etmişəm”.
Təqsirləndirilən şəxs deyib ki, daha sonra Vüqarla şadlıq sarayının qarşısına çıxıb:
“Şadlıq sarayının qarşısında olan zaman bir neçə dəqiqə Vüqarla söhbət etdim. Daha sonra o, evə getməyi təklif etdi. Həmin vaxtı Vüqara evə getməyəcəyimi, şadlıq sarayına geri qayıdacağımı bildirdim. Yenə də israrla Vüqar evə getməyi təklif etdi. Həmin vaxtı aramızda sözlü mübahisə yarandı. Biz bir-birimizə hər hansı xəsarət yetirməmişik və nalayiq ifadələr işlətməmişik. Sadəcə olaraq bir-birimizin yaxamızdan tutmuşuq. İkimiz də sərxoş olduğumuz üçün hərəkət etməkdə çətinlik çəkmişik. Həmin vaxtı Vüqar arxaya doğru hərəkət etdi və yerə yıxıldı. Bu zaman üz nahiyəsi asfalta dəydi. Daha sonra əl-üzümü yumaq üçün şadlıq sarayına daxil oldum və sanitar qovşağına getmək istədim. Həmin vaxt Vüqar da arxamca içəri daxil oldu. Bu zaman aramızda sözlü mübahisə davam etdi və şadlıq sarayının qarşısına çıxan zaman Oğuz Rayon Polis Şöbəsinin əməkdaşı yanıma gəldi və ictimai asayişi pozduğum üçün polis şöbəsinə dəvət etdi. Vüqarla birlikdə polis şöbəsinə getdik”.
Oğuz Rayon Məhkəməsinin hökmü ilə Sahil 5 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxsin üzərinə cəza müddəti ərzində yaşadığı Oğuz rayon ərazisini, eləcə də saat 23:00-dan növbəti gün saat 07:00-dək olan müddət ərzində daimi yaşayış yeri olan Oğuz rayonu Kərimli kəndində yerləşən evin tərk etməmək məhdudiyyəti qoyulub.
Bundan əlavə təqsirləndirilən şəxs üzərinə cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.
Fariz Məlikli Demokrat.az


