İqtisadiyyat Özəl

Restoranlarda qiymətlər niyə tez-tez dəyişir?

Restoranlarda qiymətlər niyə tez-tez dəyişir?

Restoran və xidmət sektorunda vergi yükü sahibkarlar üçün əsas iqtisadi məsələlərdən biri kimi çıxış edir. Artan vergi öhdəlikləri bu sahədə fəaliyyət göstərən bizneslərin xərclərinə birbaşa təsir göstərir və rentabellik səviyyəsini azalda bilir. Sahibkarlar bildirirlər ki, yüksək vergi yükü qiymət siyasətinə və xidmət keyfiyyətinə də təsirsiz ötüşmür. Nəticədə, həm kiçik, həm də orta biznes subyektləri bazarda rəqabət aparmaqda çətinliklərlə üzləşirlər. Bu sahədə balanslaşdırılmış vergi siyasətinin vacibliyi vurğulanır.

Məsələ ilə bağlı iqtisadçı ekspert Asif İbrahimov Demokrat.az-a bildirib ki, hazırkı mənzərə göstərir ki, restoran və xidmət sektoru təzyiqlər ilə üz-üzədir.

“Mövcud vergi siyasətinin yenidən qiymətləndirilməsi zərurətə çevrilib. Son illər ərzində bu sahə ərzaq məhsullarının bahalaşması, icarə haqlarının artması, kommunal xərclərin yüksəlməsi və əmək bazarındakı dəyişikliklər fonunda əlavə çətinliklərlə qarşılaşıb. Bütün bu amillər fonunda sahibkarlar rentabellik uğrunda mübarizə aparır, lakin artan vergi və sosial ödənişlər bir çox müəssisələrin fəaliyyətini məhdudlaşdırır, bəzilərinin isə bağlanmasına səbəb olur. İnflyasiya şəraitində həm sahibkarlar, həm icarədarlar, həm də xidmət sektorunun digər iştirakçıları xərcləri kompensasiya etməyə çalışır və bu da ümumi qiymət artımını daha da sürətləndirir. Nəticədə restoran sahibləri qazancdan daha çox vergi və öhdəliklərin icrasına fokuslanmaq məcburiyyətində qalır. Dövriyyədən tutulan vergilər, sosial ödənişlər və digər məcburi xərclər biznes üzərindəki yükü ildən-ilə artırır. Bu isə xidmət keyfiyyətinə və qiymət siyasətinə birbaşa təsir göstərir”.

Restoranlarda qiymətlər niyə tez-tez dəyişir?

O deyib ki, yüksək vergi yükü kölgə iqtisadiyyatının genişlənməsi riskini də artırır:

“Sahibkarların rəsmi fəaliyyətin iqtisadi baxımdan sərfəli olmadığını düşündüyü hallarda qeyri-rəsmi əmək münasibətlərinə və qeydiyyatsız əməliyyatlara yönəlməsi müşahidə olunur. Bu isə həm dövlət büdcəsinə, həm də bazarda rəqabət mühitinə mənfi təsir göstərir. Dünyanın bir çox ölkələrində turizm və iaşə sektoru strateji sahə kimi dəstəkləndiyi halda, Azərbaycanda bu sahədə vəziyyət fərqlidir. Bu baxımdan, vergi yükünün optimallaşdırılması, əməkhaqqı fonduna düşən ödənişlərin azaldılması və kiçik sahibkarlar üçün təşviq mexanizmlərinin tətbiqi vacib hesab olunur. Sektorun inkişafı üçün nəticəyönümlü idarəetmə mexanizmləri və səmərəlilik göstəricilərinin tətbiqi də ön plana çıxmalıdır. Əks halda, qısamüddətli fiskal gəlirlər uzunmüddətli perspektivdə həm sahibkarlıq mühitinə, həm də iqtisadi aktivliyə mənfi təsir göstərə bilər”.

Leyla Turan Demokrat.az

D
demokrat.az