İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, “Hizbullah” hərəkatının İsrail hərbçilərinə və ölkə ərazisinə qarşı atacağı addımlara cavab veriləcək.
Demokrat.az TASS-a istinadən xəbər verir ki, Netanyahunun sözlərinə görə, İsrail ordusu Livanın cənubundakı mövqelərini tərk etmək niyyətində deyil. O qeyd edib ki, ölkənin şimal bölgələrində yaşayan əhalinin təhlükəsizliyinin təmin olunması üçün ordunun həmin ərazidə qalması davam edə bilər.
İsrail hökumət başçısı müdafiə naziri İsrael Kats və Baş Qərargah rəisi Eyal Zamirlə Livana endirilən son zərbələrdən sonra yaranmış vəziyyəti müzakirə etdiyini bildirib.
Netanyahu açıqlamasında vurğulayıb ki, İsrail hərbçilərinə və ərazisinə qarşı hər hansı hücuma dözümlə yanaşılmayacaq. Onun sözlərinə görə, İsrail ordusu təhlükələrin qarşısını almaq üçün lazımi tədbirləri həyata keçirəcək.
Bildirilib ki, İsrail ordusunun Livanın cənubundakı “Hizbullah” obyektlərinə endirdiyi zərbələr İsrail tankçılarına qarşı baş verən hücuma cavab olub. Həmin qarşıdurmada, o cümlədən batalyon komandiri olmaqla, dörd israilli hərbçinin öldüyü qeyd edilir.
Netanyahu bildirib ki, atəşkəs rejiminin pozulmasına cavab olaraq İsrail ordusuna “güclü zərbələr” endirmək göstərişi verib.
Demokrat.az


