Rusiyanın Lipetsk vilayətində 13 yaşlı məktəbli qızın əlində qumbara detonatoruna bənzər bir predmet partlayıb.
Demokrat.az "İnterfax"a istinadən xəbər verir ki, hadisə nəticəsində uşaq ağır xəsarət alıb, həkimlər onun əlinin saxlanılması üçün mübarizə aparır. Bu barədə regional Səhiyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, hadisə 16 iyun günorta saatlarında baş verib. Qız küçədə qumbara detonatoruna oxşayan bir əşya taparaq onu evə gətirib.
Onun halqanı çıxarmağa çalışması zamanı mexanizm işə düşüb və partlayış baş verib.
Nəticədə qızın sol əli ciddi zədələnib, həmçinin əllərində və ayaqlarında çoxsaylı yanıq xəsarətləri yaranıb.
İlkin tibbi yardım ona Usman rayon mərkəzi xəstəxanasında göstərilib, daha sonra sanitar aviasiya vasitəsilə Lipetsk vilayət uşaq xəstəxanasının reanimasiya şöbəsinə çatdırılıb.
Həkimlərin bildirdiyinə görə, pasiyentin vəziyyəti sabitləşdirilib və həyatı üçün təhlükə yoxdur. Lakin zədələnmiş əlin saxlanılması istiqamətində müalicə davam edir.
Jalə Demokrat.az


