Türkiyənin TRT kanalının digital platforması "Tabii" üçün çəkilən “Ateş Denizi” serialının Beykozda yerləşən çəkiliş meydançasında polis əməliyyat keçirib.
Demokrat.az Türkiyə mediasına istinadən xəbər verir ki, əməliyyat zamanı baş rol aktyoru Erdem Kaynarca saxlanılıb.
Məlumata görə, davam edən istintaq çərçivəsində polis əməkdaşları çəkilişlərin aparıldığı Beykoz Kundura Fabrikası ərazisinə gəlib. Polis serialda “Nezih” obrazını canlandıran Erdem Kaynarcanın olduğu karavana yönəlib.
Çəkiliş hazırlıqları zamanı aktyorun polis müşayiəti ilə karavandan çıxarıldığı və ilkin prosedurlar üçün saxlanıldığı bildirilir. Hadisə çəkiliş meydanında qısa müddətli panikaya səbəb olub və çəkilişlər müvəqqəti dayandırılıb.
Polis əməkdaşlarının aktyora məxsus olduğu deyilən avtomobildə narkotik itlərinin iştirakı ilə axtarış apardığı, lakin hər hansı qanunsuz maddəyə rast gəlinmədiyi qeyd olunur.
İlkin araşdırmalardan sonra Erdem Kaynarcanın ifadəsi alınıb və daha sonra sərbəst buraxıldığı bildirilib. Məsələ ilə bağlı nə istehsal şirkəti, nə də aktyor tərəfi rəsmi açıqlama verməyib.



Jalə Demokrat.az


