Yaponiyalı alimlər qanda C vitamininin yüksək səviyyədə olmasının yaşlı insanlarda beyin fəaliyyətini qoruduğunu müəyyən ediblər.Tədqiqatçılar bu vitaminin beyin həcminin azalmasının qarşısını aldığını üzə çıxarıblar.
Demokrat.az bildirir ki, araşdırmanın nəticələri nüfuzlu "PLOS ONE" elmi jurnalında dərc olunub.
Təcrübədə orta yaşı 69 olan 2044 nəfər iştirak edib. Könüllülərin beyinləri MRT müayinəsindən keçirilib və qan plazmasında C vitamininin səviyyəsi ölçülüb.
Mütəxəssislər beyindəki boz və ağ maddənin həcmini, həmçinin yaddaş və təfəkkürə cavabdeh olan neyron şəbəkələrinin vəziyyətini qiymətləndiriblər.
Təhlillər göstərib ki, qanında C vitamininin səviyyəsi aşağı olan şəxslərdə boz maddənin həcmi daha azdır. Həmçinin onlarda beyin nahiyələri arasındakı neyron əlaqələri daha zəif olub. Yaş, cins, təhsil səviyyəsi və xroniki xəstəliklər nəzərə alınsa da, nəticələr dəyişməyib. Alimlər bildirirlər ki, bu vitamin beyin strukturunun qorunmasında və yaşlanmanın ləngidilməsində mühüm rol oynaya bilər.
Demokrat.az


