Sağlamlıq Özəl

Xərçəng və oksigenlə bağlı həqiqət açıqlandı

Xərçəng və oksigenlə bağlı həqiqət açıqlandı

Sosial şəbəkələrdə bəzən yayılan videolarda qeyd olunur ki, sadəcə düzgün nəfəs texnikası ilə xərçəngdən və bir çox xəstəliklərdən qorunmaq olur. İnsanların əksəriyyəti düzgün nəfəs almır, bəzi toxumalar qan və oksigenlə təmin olunmadığından xərçəng hüxeyrələri inkişaf edir. Düzgün nəfəs texnikası ilə bütün toxumalar oksigenlə təmin olunur və bərpa prosesi güclənir.

Onkoloq Tahir Tahirov Demokrat.az-a açıqlamasında deyib ki, düzgün nəfəs almağın sağlamlıq üçün faydaları danılmazdır:

“Nəfəs məşqləri stressi azaltmağa, yuxu keyfiyyətini yaxşılaşdırmağa, narahatlıq hissini azaltmağa və bəzi insanlarda ümumi özünü yaxşı hiss etməyə kömək edə bilər. Lakin hazırda elmi tədqiqatlar göstərmir ki, təkcə düzgün nəfəs texnikası xərçəngin qarşısını alır və ya onu müalicə edir. Xərçəng çox mürəkkəb xəstəlikdir və onun yaranmasına genetik faktorlar, yaş, siqaret çəkmə, alkoqol istifadəsi, radiasiya, bəzi viruslar, ətraf mühit amilləri və digər risk faktorları təsir göstərir. Bəzən iddia edilir ki, orqanizmdə oksigen azlığı xərçəng yaradır və dərin nəfəs almaqla bunun qarşısını almaq mümkündür. Bu fikrin elmi əsası yoxdur. Sağlam insanın qanı normal şəraitdə artıq oksigenlə kifayət qədər təmin olunur. Daha çox nəfəs almaq bütün toxumaları əlavə şəkildə oksigenlə doldurmur. Orqanizmdə oksigen daşınması və hüceyrələrin qidalanması çox mürəkkəb fizioloji prosesdir”.

O bildirib ki, nəfəs məşqləri xərçəng xəstələri üçün də müəyyən fayda verə bilər:

“Məsələn, müalicə dövründə yaranan stressin, həyəcanın və yorğunluğun azaldılmasına kömək edə bilər. Ancaq bu, əsas müalicəni əvəz edən üsul deyil və xəstəliyin qarşısını alan vasitə kimi təqdim olunmamalıdır. Yəni düzgün nəfəs almaq ümumi sağlamlığın qorunması üçün faydalıdır, lakin “yalnız nəfəs texnikası ilə xərçəngdən qorunmaq mümkündür” və ya “xərçəng hüceyrələri oksigenlə məhv olur” kimi iddialar elmi cəhətdən sübut olunmayıb. Xərçəngdən qorunmaq üçün ən təsirli yollar siqaretdən uzaq olmaq, sağlam qidalanmaq, fiziki aktivliyi artırmaq, artıq çəkidən qorunmaq, peyvəndlərdən yararlanmaq və mütəmadi tibbi müayinələrdən keçməkdir”.

Leyla Turan Demokrat.az

NE
Nihadə Eyyubova