Sağlamlıq Özəl

Vaxtilə dərman kimi satılırdı, indi hamı yeməklərə qatır

Vaxtilə dərman kimi satılırdı, indi hamı yeməklərə qatır

Müasir süfrələrin imtinaedilməz sousu olan ketçupun 19-cu əsrdə apteklərdə dərman kimi satılması faktı olduqca təəccüblü görünür. İndiki dövrdə sadəcə dadverici kimi istifadə edilən bu məhsul, keçmişdə müalicəvi xüsusiyyətlərinə görə tibb rəflərində özünə yer tapıb. Ketçupun qida sənayesindəki bu qeyri-adi transformasiya tarixi olduqca maraqlı mərhələlərdən keçib.

Demokrat.az xəbər verir ki, hər şey 1830-cu illərdə amerikalı həkim Con Kuk Bennetin pomidorun faydaları haqqındakı iddiaları ilə başlayıb. Həkim pomidor tərkibli ketçupun həzm problemləri, ishal və sarılıq kimi xəstəliklərə qarşı effektiv bir vasitə olduğunu irəli sürüb. Hətta bu bitki ekstraktından hazırlanan xüsusi həblər alternativ tibb bazarında böyük rəğbət qazanıb. Lakin zamanla digər istehsalçıların ketçupun "sınıq sümükləri belə sağaltdığı" yönündəki elmdən uzaq və şişirdilmiş iddiaları bu məhsula olan etibarı tamamilə sarsıdıb və onun dərman dövrü başa çatıb.

Müasir ketçupun əsası isə 1876-cı ildə Henri Haynz tərəfindən yetişmiş pomidor, sirkə, şəkər və müxtəlif ədviyyatların qarışığı ilə qoyulub və qısa müddətdə qlobal populyarlıq qazanıb.

Maraqlıdır ki, tədqiqatçılar ketçupun kökünün pomidordan daha qədim olduğunu bildirirlər. İlkin variantda balıq içalatı və fermentasiya edilmiş dənli bitkilərdən hazırlanan duzlu, kəskin dadlı bu sous, ticarət yolları vasitəsilə dünyaya yayılaraq indiki şirin pomidor sousu formasına gəlib çatıb.

İsmayıl Demokrat.az

NE
Nihadə Eyyubova