Bakının Xətai rayonunda 40 yaşlı kişi keçmiş nişanlısına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Məhəmməd Hadi küçəsi 138 ünvanında yerləşən “Aden-Pub” restoranının qarşısında baş verib.
1986-cı il təvəllüdlü Alim qısqanclıq zəminində yaranmış mübahisə zamanı taksidə keçmiş nişanlısı Vüsalənin üzünə və bədəninin müxtəlif nahiyələrinə yumruq zərbələri endirərək ona müxtəlif dərəcəli xəsarətlər yetirib.
İş üzrə izahat verən Alim bildirib ki, Vüsalə ilə təxminən 2-3 il tanış olub:
“Daha sonra münasibətlərimiz ciddiləşdi. Ailələrimizin razılığı ilə nişanlandıq. Lakin sonradan aramızda tez-tez mübahisələr yaranmağa başladı. Bir müddət sonra nişanımız qaytarıldı və ayrıldıq. Ayrıldıqdan sonra da bir neçə dəfə telefonla danışmış və görüşmüşük”.
Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisədən əvvəl Vüsalənin avtomobilini başqa şəxsdə görüb:
“Ondan bu barədə soruşdum. Həmin şəxs Vüsalə ilə təxminən 10 gündür tanış olduğunu və onunla danışdığını dedi. Halbuki Vüsalə mənə avtomobilinin təmirdə olduğunu bildirmişdi. Bundan sonra telefonla danışdıq və aramızda mübahisə yarandı. Daha sonra onun yaşadığı ünvana getdim. Həmin oğlanla danışıb-danışmadığını soruşdum. Sonra yaşadığı evə qalxaraq anası ilə də bu barədə söhbət etdim”.
Alim qeyd edib ki, hadisə günü Nərimanov rayonu ərazisində, Gənclik metrostansiyasının yaxınlığında Vüsaləni gözləyib:
“Bu zaman həmin yerə taksi gəldi. Vüsalə taksiyə minərək oradan uzaqlaşdı. Mən də onun ardınca getdim. Onu izləyərək Xətai rayonu, Məhəmməd Hadi küçəsi 138 ünvanında yerləşən ‘Aden-Pub’un qarşısına çatdım. Burada əvvəllər rastlaşdığım oğlanı gördüm. O, məni görən kimi restorana daxil oldu. Mən avtomobildən düşərək taksiyə yaxınlaşdım. İçəri baxanda Vüsalənin orada olduğunu gördüm. Daha sonra taksi sürücüsündən Vüsalə ilə qısa söhbət etmək üçün bizə bir neçə dəqiqə vaxt verməsini xahiş etdim. Taksi sürücüsü razılaşdı və həmin vaxt marketə getdi. Mən avtomobilin arxa oturacağında Vüsalənin yanına əyləşdim. Ondan həmin oğlanla hansı əlaqəsinin olduğunu və onunla görüşə gəlib-gəlmədiyini soruşdum. O isə bunu inkar etdi. Aramızda mübahisə yarandı. Mübahisə zamanı Vüsalənin saçından tutaraq onu çölə çıxarmaq istədim, lakin buna nail ola bilmədim. Daha sonra bir neçə dəfə onun üzünə yumruq vurdum. Bundan sonra oradan uzaqlaşdım”.
Zərərçəkmiş Vüsalə ifadəsində bildirib ki, ailəsi ilə birlikdə yaşayır və hazırda işləmir:
“Əvvəllər evli olmuşam və boşanmışam. İlk nikahımdan bir qız övladım var. 2023-cü il dekabrın 28-də ad günü məclisində Alimlə tanış oldum. Sonradan münasibətlərimiz ciddiləşdi. O, mənimlə evlənmək istədiyini bildirdi. Bir müddət danışdıqdan sonra ailələrimiz görüşdü və nişan mərasimi keçirildi. Son aylarda münasibətlərimiz pisləşdiyi üçün ayrılmaq qərarına gəldim”.
Zərərçəkmişin sözlərinə görə, hadisə günü tanışları ilə birlikdə istirahət etmək məqsədilə “Aden-Pub” restoranına gedib:
“Restoranın qarşısına çatanda taksinin arxasında keçmiş nişanlım Alimin idarə etdiyi ‘Opel’ markalı avtomobili gördüm. Taksidən düşmək istəyəndə onu görərək yenidən avtomobilə qayıtdım. O, maşından düşərək taksiyə yaxınlaşdı. Daha sonra sürücüdən mənimlə qısa söhbət etmək üçün icazə istədi. Taksi sürücüsü razılaşdı və marketə getdi. Alim arxa qapını açaraq yanımda əyləşdi. Daha sonra saçlarımdan tutaraq məni çölə çıxarmaq istədi. Lakin mən düşmədim. Avtomobildə olarkən qəsdən üzümə və bədənimin müxtəlif nahiyələrinə yumruq zərbələri endirərək məni döydü. Mənə müxtəlif bədən xəsarətləri yetirdi. Daha sonra taksi sürücüsünün qayıtdığını görüb avtomobildən düşdü və hadisə yerindən uzaqlaşdı”.
Zərərçəkmiş bildirib ki, sonradan təqsirləndirilən şəxslə barışıb və ona dəymiş zərər ödənilib. O, məhkəmədən bu halın nəzərə alınmasını və iş üzrə icraata xitam verilməsini xahiş edib.
Xətai Rayon Məhkəməsinin hökmü ilə “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Milli Məclisin 19 dekabr 2025-ci il tarixli qərarı tətbiq olunub. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib və iş üzrə icraata xitam verilib.
Fariz Məlikli Demokrat.az


