ABŞ-də son 60 ildə ilk dəfə olaraq heyvanda "New World Screwworm" (Yeni Dünya Burğu Qurdu) adlanan ət yeyən parazit aşkarlanıb.
Demokrat.az xəbər verir ki, bu barədə ABŞ Kənd Təsərrüfatı Nazirliyi (USDA) məlumat yayıb.
Məlumata görə, son bir ildə Meksika ərazisində yayılan parazit artıq ABŞ sərhədini keçərək Texas ştatına çatıb. Parazit üç həftəlik buzovun göbək nahiyəsində aşkarlanıb. Hadisənin ABŞ-Meksika sərhədindən təxminən 48 kilometr məsafədə yerləşən La Pryor bölgəsində qeydə alındığı bildirilib.
Federal və yerli qurumlar infeksiyanın yayılmasının qarşısını almaq məqsədilə parazitin aşkarlandığı ərazinin ətrafında 20 kilometrlik nəzarət və karantin zonası yaradıblar. Hazırda bölgədə heyvanlar üzərində geniş monitorinq tədbirləri həyata keçirilir.
Mütəxəssislərin sözlərinə görə, "New World Screwworm" adi qurd deyil. Milçək sürfələri canlı heyvanların yaralarına və ya həssas toxumalarına yerləşərək onların əti ilə qidalanır. Müalicə olunmadıqda bu hal ağır infeksiyalara və heyvanın ölümünə səbəb ola bilər.
Parazitlə mübarizə çərçivəsində milyonlarla sterilizasiya olunmuş burğu milçəyi təbiətə buraxılacaq. Bu üsulun məqsədi dişi milçəklərin steril erkəklərlə cütləşməsini təmin etmək və nəticədə yeni sürfələrin yaranmasının qarşısını almaqdır. Mütəxəssislər bildirirlər ki, bu metod daha əvvəl də uğurla tətbiq olunub və ABŞ-də parazitin tamamilə məhv edilməsinə imkan yaradıb.
Rəsmilər qeyd edirlər ki, hazırkı mərhələdə insanların və ev heyvanlarının yoluxma riski olduqca aşağı qiymətləndirilir. Həmçinin hadisənin ərzaq təhlükəsizliyi üçün birbaşa təhdid yaratmadığı vurğulanır.
ABŞ Kənd Təsərrüfatı naziri Brooke Rollins bildirib ki, qurumun əməkdaşları vəziyyətə nəzarət etmək və heyvandarlıq təsərrüfatlarına dəstək göstərmək üçün Cənubi Texas bölgəsinə göndərilib. Nazir görülən qabaqlayıcı tədbirlər sayəsində parazitin ölkəyə daxil olmasının təxminən bir il gecikdirildiyini də qeyd edib.
Mütəxəssislər hesab edirlər ki, hadisə ABŞ heyvandarlıq sektoru üçün ciddi xəbərdarlıqdır və parazitin yenidən yayılmasının qarşısını almaq üçün nəzarət tədbirləri gücləndirilməlidir.
İsmayıl Demokrat.az


