Bakının Qaradağ rayonunda 18 yaşlı oğlan anasına xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin yanvarın 3-də rayonun Sahil qəsəbəsi, Ş.Əsgərov küçəsi, 1 saylı yataqxanada baş verib.
Bakı şəhər sakini, 2008-ci il təvəllüdlü Sərxan həmin gün saat 13 radələrində yaşadığı mənzildə anası Südabə (adlar şərtidir – red.) ilə mübahisə edib. Aralarında ailə-məişət münaqişəsi zəminində yaranmış mübahisə zamanı mətbəxdən götürdüyü bıçaqla bir dəfə qadının bədənindən vurub.
Sərxanın barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə izahat verən Sərxan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, anası və nənəsi ilə birlikdə yaşayır: “2024-cü ilin dekabrın sonlarında anam mənə bayram münasibəti ilə bağlı 100 manat pul verəcəyini və həmin pula özümə geyim almağımı desə də, növbəti günü pul vermədi”.
Sərxan qeyd edib ki, 2025-ci ilin yanvarın 3-də, saat 13 radələrində evdə olan zaman anasından onun söz verdiyi 100 manat pulun verməsini istəsə də, anası bundan imtina edib:
“Buna görə də anam ilə aramızda mübahisə yarandı. Bu zaman anam istifadə etdiyim mobil telefonu götürərək yerə atdı. Mən də buna bərk əsəbləşdiyim üçün mətbəxdən bıçağı götürdüm və onun üzərinə gələrək mənzilin çıxış qapısının qarşısında anamın kürək nahiyyəsinə bir dəfə zərbə vurdum. Anam qapını açaraq evdən qaçdı. Mən isə bıçağı qab yuyulan yerə qoydum və gözləməyə başladım. Bundan bir neçə dəqiqə sonra anam qonşuluqda yaşayan Zəminə adlı qadınla birlikdə gəldi, kürək nahiyyəsindən xəsarət aldığı üçün təcili tibbi yardıma müraciət olundu. Həkimlər gələrək anama ilkin tibbi yardım göstərdikdən sonra onu xəstəxanaya apardılar. Bu zaman mən evdə qaldım və bir neçə saatdan sonra polis əməkdaşları gələrək məni apardılar”.
İş üzrə zərərçəkmiş Südabənin sözlərinə görə, həyat yoldaşı ilə ayrıldıqdan sonra oğlu Sərxan ilə birlikdə bir müddət kirayədə yaşasa da, 2024-cü ilin sentyabr ayından etibarən anasına məxsus Sahil qəsəbəsində yerləşən mənzildə yaşamağa başlayıblar:
“2024-cü ilin dekabrın sonlarında bayram münasibəti ilə bağlı Sərxana 100 manat pul verəcəyimə söz verdim. Həmin pula özünə təzə geyim almasını bildirdim. Lakin bayram günü və ondan bir neçə gün sonra başım qarışıq olduğu üçün söz verdiyim pulu oğluma verə bilmədim. O, da bununla bağlı mənə heç nə söyləmədi”.
Zərərçəkmiş qeyd edib ki, yanvarın 3-də, saat 13 radələrində evdə olan zaman Sərxan 100 manat pulu ondan istəsə də, o birlikdə gedərək paltarlar alacaqlarını deyib:
“Sərxan buna etiraz edərək pulu ona verməyimi və özünün gedərək istədiyi paltarları alacağını dedi. Buna görə aramızda sözlü mübahisə yarandı. Mən pulu verməkdən imtina etdim. Hətta Sərxana aldığım telefonu da yerə çırpdım. Telefonun qırılmasını görən Sərxan bərk əsəbləşdi, gözlənilmədən mətbəxdən bıçağı götürərək üstümə gəldi. Bunu görərək evin çıxış qapısına doğru qaçmağa başlasan da, qapını açaraq çölə çıxan zaman kürəyimin arxa sağ hissəsindən bıçaqla zərbə endirdi. Əlimi bel hissəmə uzatdım və kürək hissəmdən qan gəlməsini gördüm. Evdən çölə çıxaraq qışqırmağa başladım. Səsimi eşidən qonşum Zəminə gələrək köməklik göstərməyə başladı. Daha sonra təcili tibbi yardıma zəng etdi, həkim briqadası gələrək mənə yerində ilkin tibbi yardımı etdikdən sonra xəstəxanaya apardılar. Bu zaman oğlum evdə qaldı. Oğlum etmiş olduğu hərəkətə görə məndən üzr istədi. Hazırda oğlumu bağışlamışam, ondan şikayətçi deyiləm”.
Bu cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökm ilə Sərxanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib. Ona 1 il sınaq müddəti olmaqla 3 il şərti cəza verilib.
Fariz Məlikli Demokrat.az


