Bakının Xəzər rayonunda 39 yaşlı kişi həyat yoldaşına şiddət göstərib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Zirə qəsəbəsi, yeni sahədə yerləşən nömrəsiz evdə baş verib.
Bakı şəhər sakini, 1987-ci il təvəllüdlü Əhməd həyat yoldaşı, 1992-ci il təvəllüdlü Ləman (adlar şərtidir – red.) ilə mübahisə edib.
Aralarında baş vermiş mübahisə zəminində o, şillə, yumruqla arvadının sifət, baş və bədən nahiyələrindən bir neçə dəfə vurub, ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
İş üzrə izahat verən Əhməd törətdiyi əməli etiraf edib, özünü ittiham üzrə təqsirli bilib. O, ifadəsində göstərib ki, məlum hadisə günü günortadan sonra ailə-məişət münasibətləri zəminində aralarında yaranmış mübahisə zamanı arvadı Ləmana əli ilə zərbələr endirərək ona bədən xəsarətləri yetirib.
Təqsirləndirilən şəxs spirtli içki içdiyinə görə xatırlamadığı səbəbdən əsəbləşib və qeyd edilən cinayəti törətdiyini, bu hərəkətlərinə görə peşman olduğunu, zərərçəkmiş şəxs ilə barışmaq üçün cəhd etməsinə baxmayaraq onunla barışmaq niyyəti mümkün olmadığını deyib.
Onun sözlərinə görə, arvadı ilə barışmadığı üçün nikahın pozulması üçün mülki qaydada məhkəməyə müraciət ediblər.
Xəzər Rayon Məhkəməsinin hökmü ilə Əhmədin barəsində 1000 manat miqdarında cərimə cəzası təyin edilib.
Fariz Məlikli Demokrat.az


