İqtisadiyyat Özəl

Pensiya artımı bütün qadınlara yox, ancaq ehtiyacı olanlara aid edilsin — Ekspert

Pensiya artımı bütün qadınlara yox, ancaq ehtiyacı olanlara aid edilsin — Ekspert

Milli Məclisin deputatı Vüqar Bayramov Azərbaycanda qadınların orta aylıq əməkhaqqısının kişilərdən aşağı olduğunu əsas gətirərək, onların pensiyalarının artırılmasını təklif edib. Parlamentari ölkədə qadınların orta maaşının kişilərin qazancının 69,1 faizinə bərabər olduğunu diqqətə çatdırıb. Bildirilib ki, muzdlu qadın işçilərin 33,6 faizi təhsil, 16,2 faizi səhiyyə və sosial xidmətlər, qalan hissəsi isə ticarət və digər sahələrdə fəaliyyət göstərir.

İqtisadçı ekspert Asif İbrahimov məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında qeyd edib ki, aşağı əməkhaqqı gələcəkdə qadınların pensiya kapitalının da az formalaşmasına səbəb olur.

Onun sözlərinə görə, mövcud fərdi sığorta prinsiplərinə görə yalnız cins faktoruna əsaslanaraq bütün qadınlara vahid pensiya artımının tətbiqi mürəkkəb məsələdir. Ekspert hesab edir ki, bütün qadınlar üçün universal artımdansa, çoxuşaqlı analar və aztəminatlı qadınlar kimi həssas qruplara yönəlmiş hədəfli sosial paketlərin hazırlanması daha real və maliyyə baxımından dayanıqlı yanaşmadır.

“Çünki Azərbaycanda pensiya sistemi əsasən sosial sığorta prinsipi üzərində qurulub və vətəndaşın işlədiyi dövrdə ödədiyi sosial sığorta haqları gələcək pensiya məbləğinin formalaşmasında həlledici rol oynayır. Daha aşağı əmək haqqı alan qadınların pensiya kapitalı da nisbətən az formalaşır. Lakin qadınların pensiyalarının ümumi qaydada artırılması məsələsi həm hüquqi, həm də maliyyə baxımından mürəkkəb məsələdir. Mövcud sistem fərdi sığorta prinsiplərinə əsaslandığından yalnız cins faktoruna görə bütün qadınlara əlavə pensiya artımının tətbiqi sistemin fəlsəfəsi ilə tam uzlaşmaya bilər. Digər tərəfdən, dövlətin müəyyən sosial qruplar üzrə dəstək mexanizmləri yaratması daha real görünür. Məsələn, çoxuşaqlı analar, uzun müddət əmək bazarından kənarda qalmış qadınlar, aztəminatlı ailələrin üzvləri və ya pensiya məbləği minimum yaşayış səviyyəsinə yaxın olan qadınlar üçün əlavə sosial dəstək paketlərinin tətbiqi daha məqsədəuyğun ola bilər. Maliyyə imkanları baxımından isə məsələ dövlət büdcəsinin və Dövlət Sosial Müdafiə Fondunun yükü ilə birbaşa bağlıdır”.

O deyib ki, bütün qadın pensiyaçılar üçün vahid artımın tətbiqi əlavə yüz milyonlarla manat maliyyə vəsaiti tələb edə bilər:

“Buna görə də hökumətin daha çox ünvanlı və sosial ədalət prinsipinə əsaslanan yanaşmaya üstünlük verməsi ehtimalı daha yüksəkdir. Əslində problemin kökü pensiya yaşına çatdıqdan sonra deyil, əmək bazarında formalaşır. Qadınların daha yüksək maaşlı sahələrdə təmsilçiliyinin artırılması, rəhbər vəzifələrə çıxış imkanlarının genişləndirilməsi, qeyri-rəsmi məşğulluğun azaldılması və əməkhaqqı fərqlərinin minimuma endirilməsi gələcəkdə pensiya bərabərsizliyinin də azalmasına səbəb ola bilər. Bu baxımdan qadınların pensiyalarının artırılması təşəbbüsü sosial baxımdan əsaslandırılmış olsa da, onun universal şəkildə bütün qadınlara şamil olunmasından daha çox, həssas və ehtiyaclı qruplara yönəlmiş hədəfli mexanizmlər vasitəsilə həyata keçirilməsi daha real və maliyyə baxımından dayanıqlı görünür”.

Leyla Turan Demokrat.az

NE
Nihadə Eyyubova