Davamlı olaraq saqqız çeynəmək ağız qoxusundan xilas olmaq üçün birdəfəlik həll yolu deyil. Səhər qəhvəsindən sonra yaranan və gün boyu davam edən xoşagəlməz hiss insanların sosial həyatına, eləcə də özünəinamına mənfi təsir göstərir.
Demokrat.az xəbər verir ki, nanəli saqqız və ya ağız spreyləri qısamüddətli təsir göstərir. Problemin qarşısını almaq üçün qoxunun qaynağını azaldan təbii üsullara üstünlük verilməlidir.
Ağız qoxusunu sürətlə aradan qaldırmağın ən təsirli yollarından biri mixək çeynəməkdir. Güclü ətri sayəsində nəfəsi təravətləndirən mixək ağız boşluğunda bakteriyaların çoxalmasının qarşısını alır. Xüsusilə yeməklərdən sonra bir neçə dəqiqə mixək çeynəmək təmizlik hissi yaradır.
Digər mühüm məqam isə dilin təmizliyidir. Dişlər müntəzəm fırçalansa da, dilin səthində yığılan bakteriyalar çox vaxt diqqətdən kənarda qalır. Zamanla yaranan bu təbəqə pis qoxunu daha da artırır. Dil təmizləyici vasitələrdən və ya diş fırçasından istifadə etməklə bu nahiyəni təmizləmək nəfəsi əhəmiyyətli dərəcədə rahatlaşdırır.
Gün ərzində kifayət qədər su içməmək də ağızda quruluq yaradır və bakteriyaların çoxalmasını asanlaşdırır. Qəhvə içənlərin su qəbulunu artırması qoxunun azalmasına birbaşa kömək edir. Eyni zamanda cəfəri, nanə və yaşıl çay kimi təbii vasitələr də nəfəsi təravətləndirmək üçün effektivdir. Xüsusilə cəfərinin tərkibindəki təbii komponentlər ağır qoxuların yüngülləşməsinə kömək edir. Xroniki ağız qoxusunun əsas səbəbləri arasında isə diş daşları, mədə problemləri və ya ağız boşluğunun infeksiyaları ola bilər.
Aytən Demokrat.az


