Sağlamlıq Özəl

Kababı yağlı və qızarmış xoşlayanlara pis xəbər

Kababı yağlı və qızarmış xoşlayanlara pis xəbər

Rusiyalı qastroenteroloq Viktoriya Stepanova yanmış kababın sağlamlıq üçün təhlükə yaratdığını bildirib.

Onun sözlərinə görə, ətin yağı və şirəsi közün üzərinə damladıqda sıx tüstü yaranır. Bu tüstünün tərkibində polisiklik aromatik karbohidrogenlər və heterosiklik aminlər əmələ gəlir ki, onlar da sonradan kababın üzərinə çökür. Həkim qeyd edib ki, həmin maddələr mədə-bağırsaq sistemini qıcıqlandırır və xərçəng riskini artırır.

Stefanovanın sözlərinə görə, bayram və istirahət günlərindən sonra xroniki mədə xəstəliklərindən əziyyət çəkənlərin vəziyyətində tez-tez ağırlaşmalar müşahidə olunur:

“Adətən insanlar həddindən artıq yemək yeyir, spirtli içki qəbul edir, turşu və souslarla qidalanır. Nəticədə səhər saatlarında mədə ağrısı, ürəkbulanma, hətta qan qarışıqlı qusma halları baş verir”.

Həkim vurğulayıb ki, güclü spirtli içkilər vəziyyəti daha da ağırlaşdırır. Araq, viski və konyak mədənin selikli qişasını zədələyir, pivə mədə turşusunun ifrazını artırır, şərab isə qıcqırmaya səbəb olur.

Qastroenteroloq kababın yaxşı bişməməsinin də təhlükəli olduğunu bildirib. Onun sözlərinə görə, çiy qalan ət salmonella və müxtəlif parazitlərin orqanizmə keçməsi riskini artırır.

Bundan əlavə, bişmiş ətin isti havada uzun müddət saxlanılması qida zəhərlənməsinə yol aça bilər. Həkim qeyd edib ki, kabab 2-3 saat istidə qaldıqdan sonra təhlükə xeyli artır.

Stefanova kabab yeyərkən bəzi qaydalara əməl etməyi tövsiyə edib:

Yanmış, qaralmış hissələri kəsib atın; Marinadı sirkə, limon, sarımsaq və ədviyyatlarla hazırlayın; Süfrəyə spirtli içki ilə başlamayın; Güclü spirtli içkilərdən uzaq durun; Mayonezsiz təzə tərəvəzlərə üstünlük verin; Hazır əti soyuduculu çantada saxlayın və ya dərhal istehlak edin.

Həkim əlavə edib ki, düzgün hazırlanmış və normada yeyilən kabab sağlam qida hesab oluna bilər.

O bildirib ki, yeməkdən sonra güclü mədə ağrısı, tünd rəngli qusma və ciddi halsızlıq yaranarsa, dərhal təcili tibbi yardım çağırmaq lazımdır.

İsmayıl Demokrat.az

NE
Nihadə Eyyubova