Sağlamlıq Özəl

Narkoloq məişət alkoqolizminin əlamətlərini açıqladı

Narkoloq məişət alkoqolizminin əlamətlərini açıqladı

Məişət alkoqolizmini erkən mərhələdə müəyyənləşdirmək çətindir. Çünki bu, asılılığın gizli və ilkin forması hesab olunur.

Demokrat.az xəbər verir ki, bunuRusiyalı narkoloq Roman Ustinov bildirib.

Həkimin sözlərinə görə, belə insanlar içki içmək üçün daim bəhanə tapırlar. Bayramlar, iş həftəsinin sonu, dost görüşləri, stress və şəxsi problemlər buna səbəb ola bilər.

Ustinov qeyd edib ki, alkoqoldan asılı olan şəxs işləməyə və sosial aktivliyini qorumağa davam etsə də, zamanla maraq dairəsi və hobbiləri azalır.

Mütəxəssis əlavə edib ki, belə insanlar özlərini alkoqolik hesab etmirlər və yaxınlarının iradlarına sərt reaksiya verirlər. Onlar adətən “istəsəm, hər an içkini ata bilərəm” və ya “sadəcə rahatlaşmaq üçün içirəm” kimi ifadələr işlədirlər.

Həkim bildirib ki, məişət alkoqolizmi zamanı xarici görünüş də dəyişir. Dəri kobudlaşır, üzdə şişkinlik və qızartılar yaranır, gözlər tez-tez qızarır. Eyni zamanda insan daha əsəbi, aqressiv və narahat olur.

Ustinovun sözlərinə görə, təhlükəli əlamətlərdən biri də qəbul edilən spirt miqdarının getdikcə artmasıdır. Bundan başqa, yaddaş itkisi, səhərlər özünü yaxşı hiss etmək üçün spirtli içki qəbul etmək, tək içmək və bunu gizlətmək də asılılıq əlamətləri sayılır.

Narkoloq vurğulayıb ki, bu vəziyyət illərlə davam edə bilər və nəticədə həm insanın özü, həm də yaxınları problemi adi hal kimi qəbul etməyə başlayır.

Demokrat.az

NE
Nihadə Eyyubova