Kriminal

Azərbaycanda 9-cu sinif şagirdi məktəb yoldaşından uşaq dünyaya gətirdi

Azərbaycanda 9-cu sinif şagirdi məktəb yoldaşından uşaq dünyaya gətirdi

Qubada doqquzuncu sinif şagirdinin ana olması ilə bağlı xəbər ölkə gündəmində qalmaqal doğurub. Aşağı Xuc kənd sakini olan 2010-cu il təvəllüdlü N.B. 35 həftəlik hamiləlikdən sonra doğuş sancıları ilə tibb müəssisəsinə yerləşdirilib.

Hazırda həm yeniyetmə ananın, həm də dünyaya gətirdiyi körpənin səhhətinin normal olduğu bildirilir.

Hadisənin təfərrüatlarına dair məlumatlarda yeniyetmə qızın məktəb yoldaşından hamilə qaldığı qeyd olunur.

Faktla bağlı hüquq-mühafizə orqanları dərhal araşdırmalara başlayıb. Baş verənlərə reaksiya verən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu cür hadisələrdə məsuliyyətin yalnız bir tərəfin üzərinə atılmasının yanlış olduğunu vurğulayıb. Komitənin rəsmi açıqlamasında qeyd olunur ki, burada həm qız, həm də oğlan tərəfinin ailə mühiti, valideyn nəzarəti və tərbiyə modelləri həlledici rol oynayır.

Dövlət qurumu xüsusilə oğlan uşaqlarının tərbiyəsinə diqqət çəkərək bu məqamları önə çıxarıb:

"Zorakılıq və hüquq pozuntusuna səbəb olan davranışların qarşısının alınmasında oğlan uşaqlarının düzgün tərbiyəsi, məsuliyyət hissinin formalaşdırılması və qadına, uşağa münasibətdə sağlam düşüncənin aşılanması vacibdir. Uşaqların yalnız qız olduqları üçün 'qorunmalı', oğlan olduqları üçün isə 'sərbəst' böyüdülməsi gələcəkdə bu cür ağır nəticələrə gətirib çıxara bilir."

Açıqlamada həmçinin ailə daxilində nəzarətin və məktəblə sıx təmasın hər iki tərəf üçün vacibliyi bildirilib. Komitə hesab edir ki, azyaşlıların həyatına mənfi təsir edən belə halların qarşısını almaq üçün ailə, məktəb və sosial məsuliyyət mexanizmləri birlikdə gücləndirilməlidir. Hazırda aidiyyəti qurumlar məsələnin hüquqi tərəflərini araşdırır. (oxu.az)

Demokrat.az

NE
Nihadə Eyyubova