Füzuli rayonunda 63 yaşlı kişi həmkəndlisinə xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 22 iyul 2024-cü ildə, saat 9 radələrində Füzuli rayonu, Bala Bəhmənli kəndi ərazisində yerləşən “Dörd yol" adlanan bazarda baş verib.
Bazarda pinəçi işləyən 1963-cü il təvəllüdlü İsmayıl heç bir əsaslı səbəb olmadan orada dərzi fəaliyyəti ilə məşğul olan Sadiqə (adlar şərtidir – red.) kəsici əlatlə xəsarət yetirib.
İş üzrə izahat verən İsmayıl ona elan olunmuş ittiham üzrə özünü təqsirli hesab edib. O bildirib ki, onun Füzuli rayonu, Bala Bəhmənli kəndi ərazisində yerləşən “Dörd yol” adlanan yerdə ayaqqabı təmiri sexi var:
“Mən həmin sexdə ayaqqabı təmiri ilə məşğul oluram və öz dolanışığımı təmin edirəm. Sadiq həmin yerdə dərzi işlədiyi üçün onu pinəçi işlədiyim vaxtdan, yəni təxminən 30 ildir ki, tanıyıram. Sadiqin dərzi yeri ilə pinəçi kimi işlədiyim yerin arası təxminən 5 metrdir. Onunla münasibətlərim əvvəllər normal olub. Sonradan isə Sadiq dərzi sexinin qarşısından 6 metr uzunluğunda mişar daşlarından hər hansı sənədləşdirmə aparmadan qanunsuz olaraq tikili tikdi və bu səbəbdən onunla münasibətlərim pisləşdi.
İşlətdiyim sexin bilinməsinə və müştərilərin gəlməsinə görə sexin təxminən 5 metrliyində üzərində “Ayaqqabı təmiri” sözləri yazılmış reklam löhvəsi yerləşdirdim. Bundan sonra, yəni iyulun 22-də, səhər saat 9 radələrində ayaqqabı təmiri sexinə gəldim. Sexi açaraq ayaqqabı təmiri üçün istifadə etdiyim avadanlıqları sexin qarşısına qoydum. Sadiq dərzi işlədiyi yerdən çölə çıxaraq ünvanıma qışqıra-qışqıra söyüşlər söydü, həmin yerin ona məxsus olmasını və avtomobil saxlamasını bildirərək reklam löhvəsini nəyə görə oraya basdırmağımı soruşdu. O, löhvəni əli ilə dartaraq basdırdığım yerdən çıxartmağa çalışdı. Həmin vaxtı da ünvanıma qışqıra-qışqıra nalayiq söyüşlər söydü, şərəf və ləyaqətimi alçaltdı. Həmin vaxt səs- küyə oraya başqa şəxslər yığışdı. Sadiqin löhvəni yerindən çıxartmaması üçün ora yaxınlaşdım. Həmin vaxt o, qəflətən əli ilə sifət və sinə nahiyəmdən itələdi. Zərbənin təsirindən yerə yıxılaraq alın, qol və diz nahiyələrimdən xəsarət aldım. Məni yerdən kimin qaldırmasını xatırlamamışam. Yerdən qalxdıqdan sonra orada kafe işlədən Zülfü salfet kağızı verərək başımdan axan qanı sildim. Bundan sonra dava dalaşın səsinə oraya gəlmiş şəxslər Sadiqi aralayaraq oradan kənarlaşdırdı. Dava-dalaş təxminən 3 dəqiqə davam etdi. Daha sonra Sadiq Daxili İşlər Nazirliyinin 102 zəng xidmətinə məlumat verdi və polis əməkdaşları oraya gəldi. Mən bu barədə ərizə və izahat verdim. Dava-dalaş zamanı Sadiqi vuraraq ona bədən xəsarəti yetirməmişəm. Ümumiyyətlə əlimdə taxta parçası və ya bıçaq olmayıb. Sadiqin bədən xəsarətlərini hansı şəraitdə almasını bilmirəm”.
İş üzrə zərərçəkmiş Sadiqin sözlərinə görə, 2024-cü ilin iyulun 22-də, saat 9 radələrində Füzuli rayonu, Bala Bəhmənli kəndi ərazisində yerləşən ‘‘Dörd yol” adlanan ərazidə yerləşən dərzi sexinə işə gələn zaman sexinin qarşısında üzərində “Ayaqqabı təmiri” sözləri yazılmış reklam löhvəsi olduğunu görüb və həmin reklam löhvəsi dərzi sexinə tərəf istiqamətlənib: “Bu zaman İsmayıl öz ayaqqabı təmiri sexinin qarşısında dayanmışdı. Həmin vaxt sexinin qarşısında olan və mənə məxsus qumdan bir hissəsinin istifadə olunmasını gördüm. Qumdan İsmayılın istifadə edərək həmin reklam löhvəsini basdırdığını anladım. Ondan qumumdan nəyə görə icazəsiz olaraq istifadə etməsini soruşdum. O, yaxşı edərək istifadə etməsini və “sənin ağzını cıraram" sözlərini dedi. Daha sonra qəflətən hər hansı səbəb olmadan üzərimə gələrək əlində olan ucu kəsici olan dəmirlə baş nahiyəmdən bir dəfə zərbə vurdum. Daha sonra isə taxta ilə sağ diz nahiyəmdən vurdu. Bundan sonra zərbələrin təsirindən huşumu itirdim və özümə gəldikdə özümün yerə yıxıldığımı, İsmayılın üzərində olmasını və məni vurmasını gördüm”.
Füzuli Rayon Məhkəməsinin hökmü ilə Cinayət-Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsə ittiham olunduğu Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə irəli sürülmüş ittiham üzrə bəraət verilib. O, təqsirsiz elan edilib, barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri ləğv edilib.
Fariz Məlikli Demokrat.az


