Dünya Bankının açıqladığı son hesabat qlobal kənd təsərrüfatı sektoru üçün həyəcan təbilləri çalır. Hesabata əsasən, cari ilin ilk rübündə gübrə qiymətləri 12%-dən çox bahalaşaraq mart ayında son illərin ən yüksək səviyyəsinə yüksəlib. Analitiklər bu kəskin artımı bir neçə mühüm faktorla əlaqələndirirlər. İlk növbədə, istehsalatda əsas xammal olan enerji daşıyıcılarının xərclərinin artması zavodların fəaliyyətinə birbaşa təsir göstərib. Bununla yanaşı, qlobal təchizat zəncirindəki logistika problemləri və artan qlobal tələb tədarükün çətinləşməsinə və qiymətlərin yuxarı istiqamətdə hərəkətinə səbəb olub. Bu artım dalğası təkcə gübrə bazarı ilə məhdudlaşmır. Gübrənin maya dəyərinin yüksəlməsi kənd təsərrüfatı məhsullarının satış qiymətinə də mütləq təsir edəcək. Hazırda bir çox ölkələrdə ərzaq inflyasiyası və məhsuldarlığın aşağı düşməsi ilə bağlı narahatlıqlar artmaqdadır. Fermerlərin artan xərcləri qarşılamaqda çətinlik çəkməsi, gələcəkdə bazarlarda təklif qıtlığına və qiymət artımına gətirib çıxara bilər.
İqtisadçı Xalid Kərimli məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında deyib ki, gübrə qiymətlərinin artması kənd təsərrüfatı məhsullarının yetişdirilməsi xərclərinə birbaşa təsir göstərir:
“Çünki gübrə və dərman preparatları əsasən neft-kimya sənayesinin məhsullarıdır və onların bahalaşması istehsal xərclərini yüksəldir. Bu isə son nəticədə məhsulun bazar qiymətinə də təsir edir. Lakin qiymət artımını yalnız bu amillə izah etmək doğru olmaz. Məsələn, keçən ilin sonunda dizel yanacağının və benzinin qiymətində baş verən artım həm məhsulun yetişdirilməsinə, həm də daşınmasına əlavə xərc yaradır. Kənd təsərrüfatı məhsullarının maya dəyərində enerji xərcləri mühüm rol oynayır. Daşınma xərcləri isə xüsusilə yüksək paya malikdir. Məsələn, kartof Gədəbəy, Tovuz və ya Qusar kimi bölgələrdən Bakıya gətirilərkən həm yanacaq, həm də gediş-gəliş xərcləri nəzərə alınır. Nəqliyyat vasitəsi boş qayıtdığı üçün bu xərclər iki istiqamətli hesablanır və məhsulun maya dəyərinə əlavə olunur”.
O bildrib ki, yanacağın bahalaşması da bu prosesə birbaşa təsir göstərir:
“Bundan əlavə, inflyasiya amili də mühüm rol oynayır. Pulun alıcılıq qabiliyyəti aşağı düşdükcə fermerlər əvvəlki gəlir səviyyəsini qorumaq üçün məhsulun satış qiymətini artırmağa çalışırlar. Bu isə ümumi qiymət artımını daha da gücləndirir. Pomidor və xiyarın ucuzlaşacağı ilə bağlı proqnozlara isə ehtiyatla yanaşmaq lazımdır. Ümumilikdə belə məhsulların ucuzlaşması yalnız iki halda mümkündür: ya məhsuldarlıq kəskin artır, ya da bazara təklif ciddi şəkildə yüksəlir. Əks halda, ümumi xərclərin artdığı şəraitdə qiymətlərin azalması real görünmür. Mövsümi dövrlərdə müəyyən ucuzlaşmalar müşahidə olunsa da, bu, qısa müddətli xarakter daşıyır. Uzunmüddətli perspektivdə isə ümumi ərzaq qiymətlərində artım tendensiyası daha çox nəzərə çarpır”.
Qısası, gübrə və yanacağın bahalaşması fermerlərin xərclərini artırır, bu səbəbdən də yaxın gələcəkdə bazarlarda meyvə-tərəvəz və digər ərzaq məhsullarının qiymətlərinin daha da qalxacağı gözlənilir.
Leyla Turan Demokrat.az


