Rus rejissor Pavel Talankinin "Oscar" mükafatı uçuş zamanı "silah" kimi istifadə edilə biləcəyi ehtimalı ilə təyyarənin kabinəsinə buraxılmayıb və nəticədə mükafatın izi itib.
Demokrat.az xəbər verir ki, Talankin 29 aprel tarixində Nyu-Yorkdan Almaniyaya uçarkən “Oscar” heykəlciyini də əl yükü kimi özü ilə aparmaq istəyib. Lakin Con F. Kennedi hava limanında təhlükəsizlik əməkdaşları mükafatın “silah kimi istifadə oluna biləcəyi” səbəbilə onun kabinəyə götürülməsinə icazə verməyiblər.
Hava yolu şirkəti “Lufthansa”nın yönləndirməsi ilə mükafat qutuya yerləşdirilib. Talankinin qeydiyyatlı baqaj haqqı olmadığı üçün mükafatın fərqli qaydada daşınmasına qərar verilib.
Lakin rejissor Almaniyaya endikdə “Oscar” mükafatın yoxa çıxdığı məlum olub.
“Lufthansa” hadisə ilə bağlı açıqlama yayaraq genişmiqyaslı araşdırma başladıldığını və vəziyyətə görə üzr istədiyini bildirib.
Pavel Talankin 2026-cı il Akademiya Mükafatlarında “Mr Nobody Against Putin” adlı işi ilə “Ən yaxşı sənədli film” nominasiyasında “Oscar” qazanmışdı.
Jalə Demokrat.az


