Texnologiya Özəl

Mərkəzi Bank "Azercell"in şirkətini 60 min cərimələdi — Əvəzini müştərilərdən çıxdılar

Mərkəzi Bank Azercellin şirkətini 60 min cərimələdi — Əvəzini müştərilərdən çıxdılar

Azərbaycan Respublikasının Mərkəzi Bankı ölkənin maliyyə bazarında fəaliyyət göstərən "A-Solutions Elektron Pul Təşkilatı" MMC-ni ciddi qayda pozuntularına görə cərimələyib. Qurumun yaydığı məlumatda qeyd olunur ki, 2025-ci ilin sentyabr və oktyabr aylarında aparılan yerində yoxlamalar zamanı şirkətin fəaliyyətində mühüm çatışmazlıqlar aşkarlanıb.

Yoxlamalar nəticəsində məlum olub ki, təşkilat cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin bir sıra tələblərini pozub. Bu səbəbdən İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən şirkət 50 min manat, onun vəzifəli şəxsi isə 10 min manat məbləğində cərimə edilib.

Səhmlərinin əsas hissəsi "Azercell Telekom" MMC-yə məxsus olan bu təşkilat bazarda "akart" brendi ilə tanınır. Mərkəzi Bankın lisenziyası ilə elektron pul emissiyası, pul köçürmələri və müxtəlif ödəniş xidmətləri göstərən şirkət artıq fəaliyyətində bəzi məhdudiyyətlərə də gedib.

Maliyyə bazarından sızan məlumatlara görə "akart" istifadəçiləri üçün tətbiq edilən gündəlik və aylıq limitlərdə ciddi dəyişikliklər gözlənilir. Belə ki, digər kartlara gündəlik köçürmə limiti 7500 manatdan 5000 manata, istifadəçilər arası köçürmələr isə 3000 manata endirilib. Eyni zamanda aylıq ümumi köçürmə limitlərində də kəskin azalmalar müşahidə olunur. Məsələn, vasitəçi banklar üzərindən həyata keçirilən köçürmələr 50 min manatdan 20 min manata salınıb.

Nağdlaşdırma əməliyyatlarında da yeni qaydalar qüvvəyə minir. Artıq gündəlik maksimum 5000 manat nağd vəsait çıxarmaq mümkün olacaq, birdəfəlik limit isə 2000 manatla məhdudlaşacaq. Həmçinin populyar "m10" sisteminə köçürmələr üçün də aylıq 20 min manatlıq məhdudiyyət müəyyən edilib.

Qeyd edək ki, "A-Solutions Elektron Pul Təşkilatı" MMC 2024-cü ildən Mərkəzi Bankın EPT-001 nömrəli lisenziyası ilə fəaliyyət göstərir və əsas səhmdarı "Azercell Telekom"dur. Baş ofisi paytaxtın Nizami küçəsində yerləşən təşkilat ödəniş əməliyyatlarında vasitəçilik və hesab üzrə məlumat xidmətlərini də həyata keçirmək səlahiyyətinə malikdir.

Demokrat.az

NE
Nihadə Eyyubova