Sosial

Uşaqlara bu adları qoymaq qadağan edildi

Uşaqlara bu adları qoymaq qadağan edildi

Azərbaycanda uşaqlara Şah, Bəy və Xan adlarının verilməsinin qadağan edilməsi gündəmdədir. Hazırda Terminologiya Komissiyası nəzdində fəaliyyət göstərən Şəxs Adları Komissiyası və müvafiq dövlət qurumları bu məsələ ilə bağlı müzakirələr aparır. Qərarın qəbul edilməsinə əsas səbəb kimi həmin sözlərin tarixi dövrlərdə konkret şəxslərin daşıdığı titulları ifadə etməsi göstərilir.

Azərbaycan Milli Elmlər Akademiyası Dilçilik İnstitutunun baş direktoru və Şəxs Adları Komissiyasının sədri Nadir Məmmədli məsələ ilə bağlı yenisabah-a açıqlamasında bildirib ki, bu müraciət formalarının müstəqil ad kimi istifadəsinə son qoyulacaq. Onun sözlərinə görə, yeni qaydalara əsasən həmin sözlərdən yalnız digər adlara bitişik şəkildə istifadə etmək mümkün olacaq.

Həmçinin oxu: Adların mənası — Tam siyahı

"Şah, xan və bəy sözləri hər hansı zümrəni ifadə etmir, bunların mənası başçı, hökmdar deməkdir. Qədimdə də bu adlardan istifadə olunub, indi də mümkündür. Amma ayrıca yox. Məsələn, uşağa Əvəzxan adı qoyula bilər. Bizdə Xan tipli təkhecalı adlar adətən istifadə edilmir. Lakin xan deyəndə başçı nəzərdə tutulduğu üçün bu formada olan adların ayrıca istifadə olunmasına icazə verilməyəcək. Eləcə də həmin sözlərin addan ayrı yazılması qəbul edilməyəcək. Məsələn, Nadir bəy Məmmədli. Bu cür yazmaq olmaz. Yalnız ad və soyadlara bitişik olduğu halda istifadə oluna bilər. Əlibəy və ya Əlibəyli kimi".

Demokrat.az

NE
Nihadə Eyyubova