Vyetnamın tarixi Hoi An şəhəri beynəlxalq araşdırmada dünyanın ən gizli qalmış turizm məkanı seçilib. "Travel + Leisure" nəşrinin hazırladığı siyahıda bu şəhər münasib qiymət, zəngin mədəniyyət və unikal təcrübə təklif edən yerlər arasında liderdir.
Hoi An 92,96 balla reytinqdə birinci pilləyə yüksəlib. Maraqlıdır ki, siyahıda ikinci yeri də Vyetnamın digər şəhəri Da Nanq tutur. Qonşu şəhərlərin bu uğuru ölkənin qlobal turizmdəki mövqeyini daha da möhkəmləndirir.
Ekspertlər Hoi An şəhərini sadəcə qədim məkan deyil, həm də yaşayan miras adlandırırlar. Şəhərin fənərlərlə işıqlandırılan dar küçələri, tarixi dam örtükləri və Şərqlə Qərb memarlığının sintezi turistlərə keçmişə səyahət hissi bəxş edir. Burada tarix vizual mənzərədən daha çox real həyatın bir parçası kimi hiss olunur.
Araşdırma zamanı dünyanın müxtəlif nöqtələrində yerləşən 23 məkan qiymətləndirilib. Seçim zamanı xərclər və hava şəraiti ilə yanaşı, həmin yerin insana qazandırdığı təcrübənin zənginliyi əsas götürülüb. Hoi An dəniz, çay və yerli həyatın vəhdəti sayəsində bu meyarlar üzrə ən yüksək nəticəni göstərib.
Siyahıda həmçinin Avropa və Şimali Afrikanın güclü mədəni kimliyə malik şəhərləri də var. Brügge, Suveyrə, Şafşavan, Kalabriya və Belqrad kimi məkanlar dünyanın ən maraqlı və kəşf olunmağı gözləyən yerləri sırasındadır.
İsmayıl Demokrat.az


