Avto Özəl

Maşınla gölməçədən keçəndə nə baş verir?

Maşınla gölməçədən keçəndə nə baş verir?

Yağışlı havada yollarda yaranan gölməçələr avtomobil üçün ciddi sınaq sayılır. Sürətlə suyun içindən keçmək həm mexaniki hissələrə, həm də elektron sistemlərə ağır zərər vura bilər.

Ən böyük risk mühərrikə su düşməsidir. Mühərrik işlək vəziyyətdə olarkən hava girişindən içəri su çəkilərsə, bu, qısa müddətdə daxili mexanizmlərin sıradan çıxmasına səbəb olur. Su sıxılmadığı üçün pistonlar və digər detallar zədələnir. Belə hallarda mühərriki bərpa etmək çətin olur, çox vaxt tam dəyişdirilməli olur.

Digər problem temperatur fərqi ilə bağlıdır. Hərəkətdə olan avtomobildə əyləc diskləri və egzoz sistemi qızmış vəziyyətdə olur. Bu hissələr qəfil soyuq su ilə təmasda olanda metalda çatlar yarana və ya deformasiya baş verə bilər. Nəticədə əyləc zamanı titrəmə yaranır, sistem əvvəlki kimi effektiv işləmir.

Elektron sistemlər də risk altındadır. Müasir avtomobillərdə çoxsaylı sensor və elektrik xətləri mövcuddur. Suyun bu hissələrə daxil olması qısaqapanmaya səbəb ola bilər. Xüsusilə generator və starter kimi aşağı hissədə yerləşən detallar daha həssasdır. Üstəlik, gölməçənin altında gizlənən çuxurlar təkərlərə, disklərə və asqı sisteminə ziyan vurur.

Yüksək klirensə malik avtomobillər bu baxımdan daha dözümlü sayılır. Krossover və ofroadlarda əsas sistemlər yerdən daha hündürdə yerləşir. Xüsusi avadanlıqla təchiz olunan modellər isə daha dərin sudan keçə bilir. Alçaq asqılı sedanlar və idman avtomobilləri üçün isə belə şərait daha təhlükəlidir. Elektrikli avtomobillər müəyyən səviyyədə qorunsa da, onların elektron idarəetmə sistemləri rütubətə qarşı həssas qalır.

Belə hallarda ehtiyatlı davranmaq vacibdir. Suyun dərinliyi məlum deyilsə, ora daxil olmamaq daha doğru seçimdir. Keçmək zərurəti yaranarsa, sürəti minimuma endirib sabit hərəkət etmək lazımdır. Sürətlə keçmək suyun dalğa yaradaraq mühərrik hissəsinə dolmasına səbəb olur. Sudan çıxdıqdan sonra əyləcləri yüngül basaraq qurutmaq təhlükəsizlik baxımından əhəmiyyətlidir.

İslam Demokrat.az

NE
Nihadə Eyyubova