Xolesterin dərmanları ilə bağlı diqqət çəkən yeni detal üzə çıxıb. Bəzi hallarda bu preparatlar gözlənilməz əks təsir yarada bilər.
Demokrat.az xəbər verir ki, "Columbia University" alimlərinin apardığı araşdırma göstərir ki, xolesterini azaltmaq üçün geniş istifadə olunan statinlər bəzi insanlarda əzələ ağrısına səbəb ola bilər. Tədqiqat "Journal of Clinical Investigation" jurnalında dərc edilib.
Məlumata görə, statinlər ürək-damar xəstəliklərinin qarşısını almaq üçün geniş tətbiq olunur. Amma bəzi xəstələrdə əzələ ağrısı, zəiflik və davamlı yorğunluq səbəbindən bu dərmanlardan imtina halları da qeydə alınır.
Araşdırma göstərir ki, problem bəzi hallarda statinlərin əzələ hüceyrələrindəki rianodin reseptoru ilə qarşılıqlı təsiri ilə bağlıdır. Bu reseptor kalsium ionlarının hərəkətini tənzimləyir və əzələlərin normal fəaliyyəti üçün vacibdir.
Xüsusilə Simvastatin bu reseptoru aktivləşdirərək kalsium kanalını açıq vəziyyətdə saxlaya bilər. Nəticədə kalsium hüceyrəyə nəzarətsiz daxil olur, bu da əzələ toxumasının zədələnməsinə, zəifliyə və ağrıya gətirib çıxarır.
Alimlər qeyd edir ki, bu mexanizm bütün halları izah etməsə də, kiçik qrup xəstədə belə baş verməsi milyonlarla insan üçün əhəmiyyətli sayılır. Siçanlar üzərində aparılan təcrübələr göstərib ki, kalsium sızmasının qarşısını alan eksperimental dərmanlarla bu təsiri azaltmaq mümkündür. Hazırda həmin preparatlar nadir əzələ xəstəlikləri ilə bağlı insanlarda sınaq mərhələsindədir.
İsmayıl Demokrat.az


