İstirahət etmək üçün seçilən məkan yuxunun keyfiyyətinə düşündüyümüzdən daha çox təsir göstərir. Ekspertlərin sözlərinə görə, hər gecə divanda yuxuya getmək orqanizmin tam bərpa olunmasına mane olan vərdişlərdən sayılır.
Demokrat.az-ın məlumatına görə somnoloq Saema Tahir və terapevt Annie Miller bildirirlər ki, çoxlarına rahat görünən bu vəziyyət əslində bədən üçün uyğun deyil. Divanda yatmaq onurğa və boyun nahiyəsində gərginlik yaradır. Narahat mövqe bədənin tam dincəlməsinə imkan vermir, nəticədə yuxu daha səthi keçir və insan gecə ərzində tez-tez oyanır.
Onlar qeyd edirlər ki, bu vərdiş zamanla yuxu dövrünün pozulmasına səbəb ola bilər. Orqanizm gecə ərzində bərpa olunmalı olduğu halda, keyfiyyətsiz yuxu bu prosesi zəiflədir və gün ərzində yorğunluq hissi yaradır.
Qonaq otağında olan işıq və səs-küy də yuxunun keyfiyyətinə mənfi təsir göstərir. Televizor səsi, telefon işığı və digər fon səsləri yuxunun dərinliyini azalda bilir.
Ekspertlər bildirirlər ki, hətta divanda yuxuya getmisinizsə belə, vəziyyəti qismən düzəltmək mümkündür. Oyanan kimi yatağa keçmək beynin yuxu ilə bağlı vərdişlərini yenidən formalaşdırmağa kömək edir və yataq otağının əsas funksiyasını xatırladır.
Yataq otağını yalnız yuxu ilə əlaqələndirmək və divanda yatmaq vərdişindən uzaq durmaq uzunmüddətli sağlamlıq üçün daha faydalıdır.
İsmayıl Demokrat.az


