Sağlamlıq Özəl

Niyə bəzi yuxular yadda qalmır?

Niyə bəzi yuxular yadda qalmır?

Gecə boyunca zehində canlanan rəngarəng səhnələr səhər gözümüzü açan kimi sanki duman kimi yoxa çıxır. İnsanların əksəriyyəti yuxu gördüyünü bilir, lakin onun detalları qısa müddətdə yaddaşdan silinir. Alimlər bu hadisənin arxasında duran səbəbləri araşdıraraq maraqlı nəticələrə gəlib.

Demokrat.az-ın məlumatına görə araşdırmalar göstərir ki, hər kəs yuxu görür, amma hamı onları xatırlaya bilmir. Beynin bəzi görüntüləri yadda saxlayıb digərlərini silməsi təsadüfi proses deyil. Psixologiya və Neyrologiya sahəsində aparılan tədqiqatlar göstərir ki, bu vəziyyət beynin daxilində işləyən xüsusi müdafiə mexanizmi və bioloji proseslərlə bağlıdır.

Səhər oyandıqdan sonra yuxudan yalnız qarışıq hisslərin qalması yuxu görmədiyimiz anlamına gəlmir. Elmi tədqiqatlara görə, insan hər gecə yuxu görür. Lakin bu zaman beyin yaddaş sistemi fərqli rejimdə fəaliyyət göstərir. Xüsusilə REM yuxu mərhələsi zamanı beyin aktiv olsa da, uzunmüddətli yaddaşın formalaşmasına cavabdeh olan neyrokimyəvi proseslər xeyli zəifləyir. Nəticədə yuxuların şüurlu yaddaşa ötürülməsi çətinləşir.

Yuxuları xatırlamaq qabiliyyəti insanlara görə dəyişir. Tədqiqatçılar bildirirlər ki, yuxu mərhələsində və ya onun dərhal ardından oyanan insanlar gördüklərini daha yaxşı xatırlayır. Gün ərzində tez-tez xəyal quran və ya gecə boyu bir neçə dəfə oyanan şəxslərdə də yuxuların yadda qalma ehtimalı daha yüksək olur.

Bəzi nəzəriyyələrə görə isə yuxuların tez unudulması əslində qoruyucu mexanizmdir. Beyin gecə ərzində yaranan saysız-hesabsız görüntü və qarışıq duyğunu filtrdən keçirərək zehni tarazlığı qoruyur. Lazımsız məlumatların təmizlənməsi gündəlik həyatda istifadə olunan yaddaş üçün yer açır.

Bu səbəbdən yuxuların unudulması bəzən yaddaşın zəifliyi deyil, əksinə sağlam işləyən beynin əlaməti kimi qiymətləndirilir. Görünür, yaddaşımız bizə xəyanət etmir, sadəcə zehni yüklənmədən qorumaq üçün artıq məlumatları avtomatik şəkildə silir.

İsmayıl Demokrat.az

NE
Nihadə Eyyubova