Harvard alimlərindən ürək sağlamlığı ilə bağlı mühüm xəbərdarlıq gəlib. Otuz il davam edən araşdırmanın nəticələri göstərir ki, pəhriz zamanı sadəcə rəqəmlərə fokuslanmaq kifayət etmir. "Journal of the American College of Cardiology" jurnalında dərc olunan genişmiqyaslı tədqiqat az karbohidratlı və ya az yağlı qidalanmanın təklikdə ürəyi qorumadığını üzə çıxarıb.
Demokrat.az xəbər verir ki, təxminən 200 min insanın sağlamlıq göstəricilərini təhlil edən ekspertlər maraqlı məqamlara toxunublar. Məlum olub ki, qidada yağın və ya karbohidratın miqdarını azaltmaqla iş bitmir. Əgər gündəlik rasionda emal olunmuş məhsullar, heyvan mənşəli yağlar və şəkər üstünlük təşkil edirsə, ürək-damar xəstəlikləri riski azalmır. Bu o deməkdir ki, insan nə qədər az qidalansa da, seçdiyi məhsullar keyfiyyətsizdirsə, orqanizm ciddi təhlükə altındadır.
Araşdırma nəticəsində bəlli olub ki, tərəvəz, meyvə, tam taxıllı məhsullar və qoz-fındıqla qidalanan şəxslərdə "yaxşı" xolesterin səviyyəsi daha yüksəkdir. Eyni zamanda belə insanlarda bədəndəki iltihab göstəriciləri xeyli aşağı düşür. Bitki yağlarına üstünlük verənlər ürək sağlamlığını daha yaxşı qoruya bilirlər.
Alimlər qeyd edirlər ki, həm az karbohidratlı, həm də az yağlı pəhrizlər faydalı ola bilər. Lakin burada əsas şərt qidaların təbii olmasıdır. Az emal olunmuş məhsullara keçid etmədən aparılan hesablamalar ürək üçün qoruyucu təsir yaratmır. Beləliklə, uzunömürlülüyün sirri qidanın miqdarında deyil, birbaşa onun keyfiyyətində gizlənir. Görünən odur ki, pəhriz saxlayarkən kalori hesabından daha çox süfrəyə qoyulan məhsulun tərkibinə diqqət yetirmək lazımdır.
İsmayıl Demokrat.az


