Oğuz rayonunda 1980-ci il təvəllüdlü Azər Bayram adlı şəxsə xəsarət yetirib.
Demoktat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Xalxal kəndində meşəlik ərazidə baş verib. Qazax rayon sakini Azər aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı tanışı Oğuz rayon Şirvanlı kənd sakini Bayramı ilk öncə idarə etdiyi “Niva” minik markalı avtomobillə qəsdən sağ ayaq nahiyəsindən vurub.
Daha sonra avtomobildən düşərək Bayramın baş nahiyəsinə qəsdən bir neçə dəfə yumruqla vurub. Ona müxtəlif dərəcəli xəsarətlər yetirib.
Azərin barəsində Cinayət Məcəlləsinin 127.1-ci (zərərçəkmiş şəxsin həyatı üçün təhlükəli olmayan və bu məcəllənin 126-cı maddəsində nəzərdə tutulan nəticələrə səbəb olmayan, lakin sağlamlığın uzun müddət pozulmasına səbəb olmuş və ya ümumi əmək qabiliyyətinin üçdə bir hissəsindən az olmaqla əhəmiyyətli dərəcədə itirilməsi ilə nəticələnən qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Azər ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 15 saylı Regional Mərkəzinin Oğuz rayon meşəbəyliyində fəhlə işləyir, əvvəllər isə həmin mərkəzdə meşəbəyi vəzifəsində işləyib: “Mən ruhi əsəb xəstəliyindən əziyyət çəkdiyim üçün xəstəxanada müalicə olunmuşam. Əvvəllər, yəni 2010-cu ildə Cinayət Məcəlləsiunin 234-cü maddəsi ilə məhkum olunmuşam və barəmdə tibbi xarakterli məcburi müalicə təyin olunub. Ailə üzvlərim ilə birlikdə Oğuz rayonu Tayıflı kəndində yaşayıram. Himayəmdə iki azyaşlı övladım var. Zərərçəkmiş Bayramı uzun illərdir ki, tanıyıram, onunla aramızda əvvəllər mehriban münasibətlərimiz olub. Bayram əvvəllər meşə idarəsinin rəisi vəzifəsində işləyib. Son zamanlar Bayramın meşədən özü üçün ağac istədiyini və idarə rəhbəri tərəfindən bir neçə dəfə Bayrama istifadə üçün ağac verildiyini eşitmişəm. Lakin bütün bunlara baxmayaraq Bayram təkrar olaraq özü üçün məndən ağac istədi. Özüm bir neçə dəfə Bayramla görüşərək söhbət etdim. Söhbət edərkən Bayrama meşənin dövlətə məxsus olduğunu və meşədən ağac verə bilməyəcəyimi demişəm. Bundan başqa Bayram məndən bir neçə dəfə pul istəyib. Bayrama köməklik üçün 50-100 manat vermişəm. O, bu hərəkətləri ilə məndən hədə ilə “meşədən qanunsuz ağac kəsib satırsan” deyərək barəmdə şikayət edəcəyini, yuxarı orqanlara məlumat verəcəyini deyib”.
Təqsirləndirilən şəxs deyib ki, Bayram bir neçə dəfə onun barəsində əsasız olaraq Daxili İşlər Nazirliyinin 102 qaynar xəttinə, eyni zamanda Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məlumatlar verib: “Ancaq bunun əsasında müəyyən araşdırma aparılıb və əsassız olduğu müəyyən olunub. Bayram bu hərəkətləri mənə, eyni zamanda mənimlə birlikdə işləyən digər meşə işçilərinə qarşı da edib. Hadisədən bir neçə gün əvvəl Bayram ona ağac kötüyü lazım olduğunu dedi. Bu vaxt etiraz etməyərək təmənnasız ağac kötüyü verdim. Bütün bunlara baxmayaraq Bayram tez-tez qaynar xətti yığaraq meşədən ağac kəsilməsi barədə məlumatlar verib. Meşədən kəsilən ağaclar isə qanuni əsaslarla kəsilib”.
Azərin ifadəsinə görə, məlum hadisə günü, saat 17 radələrində təkrar olaraq Bayram narahatçılıq yaradıb, əsasız olaraq Daxili İşlər Naziriyinin 102 qaynar xəttinə zənglər edib: “Bayramın bu hərəkətlərindən əsəbiləşərək ona zəng etdim və kəsilən ağacların qanuni olduğunu bildirdim. Bu vaxt Bayram məni nalayiq ifadələrlə təhqir etdi. Həmin vaxt əsəbi halda Bayramdan harada olduğunu soruşdum. O, Oğuz rayonu Xalxal kənd ərazisində meşə ərazisində olduğunu dedi. Bundan sonra idarə etdiyim “Niva” markalı avtomobillə Bayramın olduğu yerə getdim. Həmin yerə çatdıqda orada bir neçə şəxsin olduğunu gördüm və avtomobilin salonundan yerə düşməyərək Bayramı səslədim. Bayram mənə tərəf gəlməyə başlayan zaman kobud ifadələr işlətdi. İdarə etdiyim avtomobilə yaxınlaşaraq yumruqla avtomobilin kapotunun üzərinə və mənim əyləşdiyim tərəfdən, yəni qabaq sol pəncərə tərəfdən yumruq zərbəsi vurdu. Əsəbiləşərək avtomobili Bayramın üzərinə sürdüm, avtomobilin qabaq sol təkəri onun ayağına dəydi. Bundan sonra avtomobilin salonundan yerə düşdüm, Bayramın baş nahiyəsinə yumruqla bir neçə zərbə vurdum. Bayram zərbənin təsirindən yerə yıxıldı. Bayramın yerə yıxıldığını gördüm və əsəbi halda avtomobilə oturaraq oradan getdim. Oradan uzaqlaşdıqdan sonra öz yaşadığım evə gəldim”.
Təqsirləndirilən şəxs bildirib ki, əvvəllər əsəb xəstəliyi ilə əlaqədar Bakı şəhərində psixatirik xəstəxanada stasionar müalicə alıb: “Yəni əsəbiləşəndə özümü idarə etməkdə çətinlik çəkirəm. Bayramın bu hərəkətləri, mütəmadi olaraq məndən pul tələb etməsi, məni şantaj etməsi, dəfələrlə 102 xidmətinə zəng edərək şikayətlər etməsi və üstəlik də məni təhqir etməsi əsəblərimi daha da gərginləşdirdiyi üçün belə bir hərəkət etmişəm. Mənim Bayramı öldürmək fikrim olmayıb, əgər onu öldürmək fikrim olsaydı, maşınla üzərindən keçərdim və ya Bayrama qarşı başqa hərəkətlər edə bilərdim. Lakin məqsədim sadəcə olaraq Bayramı cəzalandırmaq olub”.
Oğuz Rayon Məhkəməsinin hökmü ilə Azər 1 il 5 ay 22 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxsə cəza müddəti ərzində yaşayış yerini hər gün axşam saat 23:00-dan növbəti gün səhər saat 07:00-dək olan müddət ərzində daimi yaşayış yeri olan Oğuz rayonu Şirvanlı kəndində yerləşən evi, həmçinin Oğuz rayonun hüdudlarını tərk etməsinə məhdudiyyəti qoyulub.
Bundan əlavə təqsirləndirilən şəxsin üzərinə cəza müddəti ərzində elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət emək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulub.
Həmçinin təqsirləndirilən şəxsin üzərinə cəza müddəti ərzində yaşadığı ərazidə yerləşən spirtli içkilərin qəbul edildiyi yerlərə getməmək barədə əlavə vəzifə tapşırılıb.
Hökmdən narazı qalan zərərçəkmiş apellyasiya şikayəti verib. O, təqsirləndirilən şəxsin cəzasının ağırlaşdırılmasını istəyib.
Şəki Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin edilməyib. Amma Oğuz Rayon Məhkəməsinin hökmü ləğv edilib. Yeni qərara əsasən, cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyindən Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Cinayət-Prosessual Məcəlləsinin 39.1.3 və 43.3-cü maddələrinə əsasən iş üzrə icraata xitam verilib.
Fariz Məlikli Demokrat.az


