Ramazan ayında gün ərzində saatlarla davam edən aclıq və susuzluq orqanizmin enerji balansını ciddi sınağa çəkir. Xüsusilə sahurda seçilən qidalar günün necə keçəcəyini müəyyənləşdirir. Qan şəkərini sürətlə qaldırıb ani şəkildə aşağı salan məhsullar səhərdən halsızlıq, əsəbilik və tez-tez aclıq hissi yaradır. Buna görə də diyetoloqlar daha uzunmüddətli toxluq yaradan, lif və zülal baxımından zəngin seçimləri ön plana çıxarır.
Demokrat.az xəbər verir ki, son illər bu baxımdan ən çox tövsiyə edilən qidalardan biri kinoadır. Taxıl kimi istifadə olunsa da, tərkib xüsusiyyətlərinə görə fərqli üstünlüklərə malikdir. Ən mühüm cəhətlərindən biri tam protein mənbəyi sayılmasıdır. Orqanizmin xaricdən qəbul etməli olduğu doqquz əsas amin turşusunun hamısı kinonun tərkibində mövcuddur. Bu xüsusiyyət onu bir çox digər bitki mənşəli məhsullardan fərqləndirir.
Zülalın yüksək olması mədənin boşalma prosesini ləngidir, nəticədə toxluq hissi daha uzun müddət qorunur. Eyni zamanda kinoa həm həll olan, həm də həll olunmayan liflərlə zəngindir. Bu liflər həzmi tənzimləyir, bağırsaq fəaliyyətini dəstəkləyir və qan şəkərində kəskin dalğalanmaların qarşısını alır. Stabil qan şəkəri isə gün ərzində enerjinin daha bərabər paylanmasına kömək edir.
Mineral tərkibi də diqqət çəkir. Maqnezium, kalium və dəmir kimi elementlər xüsusilə uzunmüddətli aclıq dövründə əzələ fəaliyyəti, maye balansı və enerji istehsalı üçün vacib rol oynayır. İsti havalarda orqanizmin elektrolit tarazlığını qorumaq baxımından da bu göstəricilər əhəmiyyətlidir.
Sahur süfrəsində tez-tez yer alan yumurta və pendir kimi heyvan mənşəli zülallarla yanaşı, bitki mənşəli alternativlərin əlavə edilməsi həzm sisteminin yüklənməsinin qarşısını alır və daha balanslı rasion formalaşdırır. Kinoa bu baxımdan praktik seçim sayılır.
Hazırlanması da çətin deyil. Bişirməzdən əvvəl acı dadın aradan qalxması üçün bol su ilə yaxşıca yuyulmalıdır. Təxminən 15 dəqiqəyə hazır olur. Qatıqla qarışdırmaq, üzərinə qoz və təzə meyvə əlavə etmək və ya tərəvəzlərlə salat kimi təqdim etmək mümkündür. Doğru planlaşdırılmış sahur menyusunda kinoa uzun saatlar ərzində həm toxluq, həm də enerji baxımından etibarlı dayaq ola bilər.
İsmayıl Demokrat.az


