Abşeron rayonunda 2004-cü il təvəllüdlü Kamran 62 yaşlı Ələsgəri (adlar şərtidir – red.) qətlə yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, o, 26 avqust 2022-ci ildə, gecə saat 1 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsindən yaşadığı Abşeron rayonu Qobu qəsəbəsinə sərnişin kimi taksi ilə qayıdarkən həmin taksidə sərnişin kimi əyləşmiş alkoqol içkilərə aludə olub, tüfeyli həyat tərzi sürən Ələsgərlə tanış olub.
Bu zaman Ələsgərin onunla ünsiyyətə girərək nəvəsinin nişanlanması münasibətilə onu öz evinə içki məclisinə dəvət etməsindən sonra sonuncunun seksual xarakterli hərəkətlər etməyə meyilli şəxs olması haqda məlumatı olduğundan həmin şəxsin ona qarşı da belə hərəkətlər etmək istəməsini yəqin edib.Bu zəmində qisas almaq niyyətilə Ələsgəri öldürmək qərarına gəlib və öz niyyətini reallaşdırmaq üçün onun dəvətini fürsət bilib, nişan məclisində iştirak etməsini qəbul edib.
Bundan sonra Kamran Ələsgərin müvəqqəti yaşadığı Abşeron rayonu, Qobu qəsəbəsi, Qobu-Lökbatan yolunun Qobu Park yaşayış kompleksinə gedən istiqamətdə yolun sağ tərəfində yerləşən nömrəsiz fərdi yaşayış evində birlikdə spirtli içki qəbul edib. Sonra Kamran Ələsgərə “sənin uşaqlara meylin var, onların başına iş açırsan” deyib.Bu zaman orta alkoqol sərxoşluğu vəziyyətində olan Ələsgər “mənim oğlan və qız uşaqlarından xoşum gəlir, onlarla sevgi yaşamaqdan həzz alıram” deyə cavab verməsinə qəzəblənən Kamran qəzəblənib.O, Ələsgəri şərəfsiz adlandırıb, bu kimi digər ağır söyüşlər söyərək onu öldürmək niyyətini qətiləşdirib. Masada olan bıçağı götürərək xüsusi qəddarlıqla yaşlı kişiyə ümumilikdə 10 ədəd zərbə yetirib. Yaşlı kişi aldığı zərbələrdən ölüb.
Kamranın barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Kamran ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Ələsgəri əvvəllər tanımayıb: “Qəsəbədə Ələsgərin azyaşlı uşaqlara pis niyyətlə yaxınlaşması barədə söz gəzib. Taksi şoferi olub, ona da belə hərəkətlər edib. Zaldan çıxanda onunla rastlaşmışam. O, taksiyə oturanda, mən də orada oturmuşam. Həmin şəxsin adını çəkmişəm və ona tanıdığımı demişəm. Həmin şəxsi başa salmaq üçün axtarmışam. Sözügedən şəxsdən qorxurdular ki, onun silahı var, buna görə də ona yaxınlaşa bilməmişdilər. Ona tanışlıq verdim və elə onunla onun evinə getdim. Onun evinə getməkdə məqsədim ona niyə belə əməllər etdiyini soruşmaq olub. Bu barədə yəni, 13-14 yaşlı uşaqlarla niyə yaxınlıq etməyə çalışdığını soruşdum. Ələsgər dedi ki, bundan həzz alır”.
Təqsirləndirilən şəxs bildirib ki, bir taksi şoferinə də Ələsgər əxlaqsız hərəkətlər etməyi təklif edib: “Həmin taksi sürücüsü də yaşlı adam olub. Həm yaşlı adamlara, həmdəki cavan adamlara belə təkliflər edib. Hadisə günü onun evinə getmişəm. Şəxs tək yaşayıb. Ona 15-16 bıçaq zərbəsi vurmuşam. Onu qətlə yetirəndən sonra oradan uzaqlaşmışam. Bıçaq elə həmin evdə stolun üzərində olub, stolun üzərinə qoyub getmişəm. Onu qətlə yetirməyimin səbəbi ətrafda gəzən şayiələr olub”.
Zərərçəkmiş Ələsgərin hüquqi varisi qismində tanınan həyat yoldaşı Sənəmin sözlərinə görə, əri əvvəl Ağdam dəmiryol vağzalında yaşayıb: “Sonra isə indi yaşadığım yerdən ev alıb və bura köçüb. Yoldaşım tüfeyli həyat sürüb, türmədə də olub. Orada cəzasını çəkərək çıxıb. Dalaşqan biri idi, amma bunun heç kəsə aiddiyyatı yoxdur. O, sadəcə özü üçün idi”.
Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Kamran 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. Təqsirləndirilən şəxs Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmündən apellyasiya şikayətinin verilməsi müddətinin bərpa olunmasına dair vəsatət verib. O, həmin vəsatətlə birinci instansiya məhkəməsinə müraciət edin.
Təqsirləndirilən şəxs apellyasiya şikayətinin vaxtında verə bilməməsinin səbəbi kimi qanunları bilmədiyini, hüquqi savadının olmamasını, həmçinin zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edə bilməməsini, hazırda isə zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə edildiyini göstərib. O, buna görə də buraxılmış müddətin üzürlü hesab edilməklə bərpa edilməsini məhkəmədən xahiş edib. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin 7 noyabr 2024-cü il tarixli qərarı ilə hökmdən apellyasiya şikayəti verilməsi üçün buraxılmış prosessual müddətin bərpa edilməsindən imtina edilib, məhkumun vəsatəti təmin edilməyib.
Bu qərardan məhkum apellyasiya şikayəti verib. Sumqayıt Apellyasiya Məhkəməsinin qərarı ilə onun şikayəti təmin edilməyib.
Fariz Məlikli Demokrat.az


