"Apple" şirkəti "iPhone" istifadəçiləri üçün olduqca mühüm təhlükəsizlik yeniləməsini istifadəyə verib. Şirkət bütün dünyada cihaz sahiblərinə müraciət edərək proqram təminatının dərhal yenilənməsini tələb edib. Aşkarlanan ciddi boşluq kiber-cinayətkarların telefonlara kənar müdaxiləsinə şərait yaradır.
Demokrat.az xəbər verir ki, yeni iOS 26.3 versiyası hakerlərin şəxsi məlumatları ələ keçirməsinin qarşısını almaq üçün hazırlanıb. Şirkətin rəsmi açıqlamasına görə bəzi boşluqlar artıq aktiv şəkildə kiberhücumlarda istifadə olunmağa başlanıb. Bu xəta vasitəsilə kənar şəxslər cihazın kamerasını və mikrofonunu məsafədən idarə edə bilir.
Bank hesabları və gizli sənədlərini telefonunda saxlayan şəxslər üçün risk səviyyəsi ən yüksək həddədir. Yeniləmə edilməyən cihazların hakerlər üçün "açıq qapı" rolunu oynadığı vurğulanır. İstifadəçilərin təhlükəsizlik üçün "Ayarlar" menyusundan proqram təminatını yeniləməsi mütləqdir.
Proses zamanı internet bağlantısının stabil olması və batareya faizinin 50-dən aşağı düşməməsi tövsiyə edilir. "Apple" rəsmiləri bu tip yeniləmələrin gecikdirilməsinin rəqəmsal oğurluq hallarını artırdığını qeyd edirlər.
İsmayıl Demokrat.az


