Cəmiyyət Özəl

Cəmiyyətin dərin yarası: Azərbaycanda ana körpəsini cinsinə görə atdı — TƏFƏRRÜAT

Cəmiyyətin dərin yarası: Azərbaycanda ana körpəsini cinsinə görə atdı — TƏFƏRRÜAT

Gəncədə ana 40 günlük qızından imtina edib. Körpəni anası Gəncə 2 nömrəli Birləşmiş Uşaq Xəstəxanasına gətirib və ondan imtina etdiyini deyərək körpələr evinə verilməsini istəyib. Hazırda körpə Uşaq Xəstəxanasındadır. Qadının bunu etməsinin səbəbi körpənin qız olmasıdır.

Məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında sosioloq Sevinc Qasımova deyib ki, bu təkcə bir ailənin problemi deyil, cəmiyyətin dərin sosial yarasının göstəricisidir:

“Bir ananın övladından sırf qız olduğu üçün imtina etməsi gender bərabərsizliyinin nə qədər köklü və təhlükəli formada yaşadığını göstərir. Qız uşağını “arzuolunmaz” sayan düşüncə patriarxal dəyərlərin yanlış şərhindən və sosial təzyiqlərdən qidalanır. Burada məsuliyyət yalnız ananın üzərində deyil, onu bu qərara sürükləyən ailə və cəmiyyət də cavabdehlik daşıyır. Qız uşağına dəyər verməyən cəmiyyət gələcəyinə də hörmətsizlik edir. Unutmamalıyıq ki, qadınlar cəmiyyətin həm davamı, həm də inkişafının əsas dayağıdır. Belə halların artması sosial maarifləndirmənin yetərsiz olduğunu göstərir. Dövlət və ictimai institutlar gender bərabərliyi mövzusunda daha aktiv və davamlı iş aparmalıdır. Media bu cür hadisələri sadəcə xəbər kimi yox, ciddi sosial problem kimi təqdim etməlidir. Ana olmaq bioloji yox, həm də mənəvi məsuliyyətdir. Övladın cinsi valideyn sevgisini müəyyən etməməlidir”.

Leyla Turan Demokrat.az

NE
Nihadə Eyyubova