Sağlamlıq

Çəkiniz azalmırsa havaya görədir — Dietoloq

Çəkiniz azalmırsa havaya görədir — Dietoloq

Düşməyən çəkinin səbəbi təkcə qida rasionu olmaya bilər. Son günlər bir çox insan eyni qaydada qidalanmasına baxmayaraq üz, əllər, ayaq biləkləri və qarın nahiyəsində şişkinlik yaşadığını bildirir. Ekspertlər bu halın cənub-qərb küləyi ilə də əlaqəli ola biləcəyini deyir.

Demokrat.az xəbər verir ki, diyetoloq Gözde Akının sözlərinə görə cənub-qərb küləyi zamanı hava təzyiqinin düşməsi, rütubətin artması və temperatur dəyişkənliyi bədənin maye balansına təsir göstərir. Nəticədə orqanizmdə su tutulması artır və ödem yaranır. Bu proses bəzi hallarda halsızlıq, baş ağrısı və iştahın yüksəlməsi ilə müşayiət olunur.

Bildirilib ki, belə günlərdə kifayət qədər su içilməməsi, duzlu və paketlənmiş qidalara üstünlük verilməsi şişkinliyi daha da artırır. Kaliumla zəngin qidalar isə maye balansının qorunmasına kömək edir. Bu baxımdan ispanaq, balqabaq, mərcimək, quru ərik, avokado kimi məhsullar tövsiyə olunur. Duzlu və emal olunmuş qidalardan uzaq durmaq, mineral su seçərkən natrium miqdarına diqqət yetirmək məsləhət görülür.

Ekspertlər uzun müddət ac qalmağın və nizamsız qidalanmanın da ödemi gücləndirdiyini vurğulayır. Lifli tərəvəzlərə üstünlük verilməsi, şəkərli və ağ un məmulatlarının azaldılması daha məqsədəuyğun sayılır. İştah dalğalanmalarının qarşısını almaq üçün gün ərzində sağlam qəlyanaltılar seçilə bilər.

Bitki çaylarının da bu dövrdə dəstəkləyici təsiri ola bilər. Maydanoz, kiraz sapı, zəncəfil və yaşıl çay ölçülü istifadə edildikdə ödemin azalmasına yardım edə bilər. Xroniki xəstəliyi olanlara əvvəlcədən həkim məsləhəti almaq tövsiyə olunur.

Hərəkətsizlik və stress də cənub-qərb küləyinin təsirlərini gücləndirən amillər sırasındadır. Gün ərzində qısa gəzintilər, uzun müddət oturmamaq, yüngül fiziki hərəkətlər və nəfəs məşqləri bu narahatlıqları azaltmağa kömək edir. Qeyd olunur ki, düzgün qidalanma və aktiv həyat tərzi ilə bu tip müvəqqəti ödemə nəzarət etmək mümkündür.

Kənan Demokrat.az

NE
Nihadə Eyyubova