Kriminal Özəl

Bakıda qadın qəribə səbəbə görə döyüldü — Əri həbs edildi

Bakıda qadın qəribə səbəbə görə döyüldü — Əri həbs edildi

Bakının Nərimanov rayonunda ər-arvad arasında yaranan mübahisə cinayətlə nəticələnib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin fevralın 9-da baş verib. Masallı rayon sakini, 1994-cü il təvəllüdlü Əfqan həmin gün saat 19:00-da həyat yoldaşı Əsmər (adlar şərtidir – red.) ilə yaşadığı mənzilin yataq otağında mübahisə edib.Ailə münaqişəsi zəminində aralarında yaranan mübahisə zamanı yumruq və təpiklə Əsmərin baş, sifət və ayaq nahiyələrinə bir neçə dəfə zərbə vurub.

Hadisəni törədən Əfqanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə ifadə verən Əfqan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 2021-ci ildə həyat yoldaşı Əsmər ilə rəsmi ailə qurub və birgə nikahdan 2023-cü il təvəllüdlü qızı dünyaya gəlib: “Son günlər ailədə mübahisələrimiz baş verib. Əsmər mənə qarşı yalanlar danışdığı üçün ona qarşı əsəbi olmuşam. Hadisə baş verən günü, saat 19:00-da evin yataq otağında olan zaman yoldaşımın bank kartları istifadə etdiyini və həmin kartlara pul göndərildiyini bildim. Yoldaşım atasının pul atdığını dedi. Məndən gizlin bank kartı istifadə etdiyini bildiyim üçün ona əsəbiləşdim. Əsmərin başına, sifətinə yumruq və şillə ilə vurdum. Mən mətbəxə keçən zaman Əsmər qaçaraq evdən getdi”.

Zərərçəkmiş Əsmərin sözlərinə görə, Əfqan tez-tez spirtli içki qəbul edib və evdə dava-dalaş salıb: “Sonuncu dəfə hadisə günü, təxminən saat 19 radələrində Əfqan evdə spirtli içki qəbul edərək sərxoş olduqdan sonra guya ondan gizlin bank kartı istifadə etdiyimi və başqalarının kartlara pul atdığını bəhanə etdi. Sonra mənimlə münaqişə yaratdı. Yataq otağında olan zaman üstümə qışqırdı, nalayiq sözlərlə məni söydü. Əfqana söyüş söyməməsini dedikdə isə üstümə gəldi, başıma və sifətimə yumruqla, ayaqlarıma isə təpiklə zərbələr vurdu. Əfqandan məni vurmamasını xahiş etdim. O, mətbəxə keçən zaman evdən qaçaraq yaxınlıqda olan marketdə Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat verdim”.

Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Əfqan 3 ay müddətə azadlıqdan məhrum edilib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova