Bakının Pirallahı rayonunda ər-arvad arasında yaşanan mübahisə cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonunun 40-cı məhəlləsində yerləşən evlərdən birində baş verib.
Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Vüqar yaşadıqları evdə arvadı Ramilə ilə aralarında yaranmış mübahisə zamanı onun sifət nahiyəsinə yumruqla vurub.
Hadisəni törədən Vüqarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Vüqar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Ramilə ilə 2007-ci ildən evlənib, onların 2 övladı olub: “Hadisə günü, təxminən saat 15:30-da yaşadığım evə oğlum Rüstəm pişik gətirdi. Rüstəmin evdə pişik saxlamasına narazılıq bildirdim. Oğlum mənə cavab qaytardığı üçün sözlə mübahisə etdik. Həmin günü axşam saatlarında arvadım Ramilə işdən evə gəldi. Saat 22:30-da Rüstəm Ramiləyə zəng edərək həmin hadisəni anasına demişdi. Ramilə mənimlə mübahisə etməyə başladı. Ramilə ilə biri-birimizə nalayiq söyüşlər söyməyə başladıq. Bu zaman əsəbləşərək yumruqla arvadının sifətinin sol göz nahiyəsinə bir dəfə yumruq ilə vuraraq onu döydüm”.
Pirallahı Rayon Məhkəməsinin hökmü ilə Vüqar 9 ay müddətə azadlığın məhdudlaşdırılması cəzası alıb. Təqsirləndirilən şəxsə cəzaçəkmə müddəti ərzində yaşadığı mənzili hər gün axşam saat 22:00-dan səhər saat 07:00-dək tərk etməsi, həmçinin Bakı şəhəri ərazisini tərk etməsi qadağan olunub.
Bundan əlavə bu müddət ərzində ona elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq tapşırılıb.
Hökmdə həmçinin təqsirləndirilən şəxsin cəza çəkdiyi müddətdə kütləvi tədbirlərdə iştirak etməsi, belə tədbirlərin təşkil etməsi qadağan edilib.
Fariz Məlikli Demokrat.az


