Gündəm Özəl

Sabiq deputat: Vətəndaş evində cüzi dəyişiklik etdikdə icra hakimiyyəti dərhal müdaxilə edir

Sabiq deputat: Vətəndaş evində cüzi dəyişiklik etdikdə icra hakimiyyəti dərhal müdaxilə edir

“İcra hakimiyyətlərində struktur islahatları, yəni şöbələrin birləşdirilməsi bu qurumların iş keyfiyyətinin yüksəlməsində ciddi dönüş yaratmayacaq. Çünki əsas problem idarəetmə fəlsəfəsindəki dərin qüsurlarla bağlıdır”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında Milli Məclisin sabiq deputatı Etibar Əliyev deyib.

O bildirib ki, Azərbaycanda rayonlar üzrə bütün icra hakimiyyətlərinin iş prinsipi eynidir:

“Bunu keçirilən tədbirlərdə, vətəndaşlara münasibətdə aydın şəkildə görmək olur. Dövlət başçısı dəfələrlə məmurlara çağırış edib ki, vətəndaşlarla birbaşa ünsiyyət qursunlar, onların müraciət və şikayətlərini dinləsinlər. Hesab edirəm ki, icra hakimiyyətləri artıq mövcud fəaliyyət modelinin son mərhələsinə gəlib çatıb. Çıxış yollarından biri bələdiyyə institutunun səlahiyyətlərinin artırılmasıdır. Hazırda bir çox hallarda elə təəssürat yaranır ki, bələdiyyə sədrləri və üzvləri icra hakimiyyətlərinin tabeliyində olan şəxslər kimi fəaliyyət göstərirlər. Onlara tapşırıqlar verilir və bu, bələdiyyələrin müstəqil fəaliyyət ruhuna ziddir. Bu baxımdan bələdiyyələrin səlahiyyətləri mütləq şəkildə genişləndirilməlidir. Onlara real imkanlar verilməli, rayonlardakı problemlərin həllində aktiv rol oynamaları təmin olunmalıdır. Digər tərəfdən, icra hakimiyyətlərinin strukturunda humanitar sahələr təhsil, səhiyyə və sosial məsələlərlə məşğul olan şöbələr mövcuddur. Lakin müşahidələr göstərir ki, bu sahələrdə icra hakimiyyətlərinin pozitiv rolu demək olar ki, hiss olunmur”.

O deyib ki, daha çox sərt tabelilik və inzibati yanaşma ön plana çıxır:

“Biz XXI əsrin 2026-cı ilində yaşayırıq. Funksionallığını qoruyub saxlaya bilməyən strukturlar üçün köklü və ciddi islahatlar qaçılmazdır. Bu, mənim subyektiv fikrimdir. Eyni zamanda icra hakimiyyətləri əhali ilə daha sıx ünsiyyətdə olmalıdır. İcra başçıları və aidiyyəti şöbələr vətəndaşların problemlərini yerində dinləməli, real həll yolları tapmalıdır. Təəssüf ki, cəmiyyətdə icra hakimiyyətləri haqqında daha çox mənfi nümunələr xatırlanır. Məsələn, vətəndaş evində cüzi dəyişiklik etdikdə dərhal müdaxilə olunur, amma illərlə həllini tapmayan problemlər gözardı edilir. Rayonlarda qəzalı vəziyyətdə olan liftlər buna bariz nümunədir. İnsanlar liftə minməkdən qorxur, lakin illərdir bu problem həll olunmur. Regionlarda kənd təsərrüfatının inkişafı üçün geniş imkanlar yaradılmalıdır. Əks halda kənd əhalisi şəhərlərə üz tutur və bu da kəndlərin boşalmasına səbəb olur. Rayonların güclənməsi üçün icra hakimiyyətləri real, pozitiv addımlar atmalıdır. Bələdiyyələrə münasibət köklü şəkildə dəyişməlidir. Bələdiyyələr seçkili orqanlardır və bu statusdan irəli gələrək rayonlardakı problemlərin həllində söz sahibi olmalıdırlar”.

Leyla Turan Demokrat.az

NE
Nihadə Eyyubova