"Elektron siqaretlər ənənəvi siqaretlərə alternativ kimi təqdim olunsa da, onların tərkibində də nikotin mövcuddur. Nikotin isə siqaret istifadəçilərində asılılıq yaradan əsas maddədir. Bu baxımdan, elektron siqaretlər mahiyyət etibarilə adi siqaretlərdən ciddi şəkildə fərqlənmir".
Bunu Demokrat.az-a açıqlamasında tibb eksperti Adil Qeybulla deyib.
O, bildirib ki, bununla yanaşı, elektron siqaretlərin tərkibində istifadə olunan aromatik maddələr və digər kimyəvi birləşmələr də kanserogen təsirə malikdir:
"Bu maddələr tənəffüs yolları və ümumilikdə orqanizm üçün ciddi təhlükə yaradır. Artıq bir çox elmi tədqiqatlarla sübut olunub ki, elektron siqaretlər, qəlyan, tənbəki və oxşar məhsullar xərçəngə səbəb ola biləcək maddələr ehtiva edir".
Həkim bildirib ki, bu səbəbdən maarifləndirmə tədbirləri gücləndirilməli, xüsusilə uşaq və yeniyetmələr arasında siqaretə qarşı mənfi münasibətin formalaşdırılması üçün məqsədyönlü və ardıcıl işlər aparılmalıdır.
Əfsanə Kamal Demokrat.az


