“Balanslaşdırılmış və balanslaşdırıcı xarici siyasət artıq reallıqdır”.
Ordu.az xəbər verir ki, bunu Hamburqda jurnalistlərlə görüşdə Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
Paşuinyan son aylarda səfər etdiyi ölkələri, paytaxtları sadalayıb: Moskva, Vaşinqton, Pekin, Tokio, İstanbul, Fransa, Almaniya, Qazaxıstan, Şarm əl-Şeyx, Əbu-Dabi, Danimarka, Gürcüstan.
“2021-ci il hökumət proqramında xüsusi bir bölmə var: regionallaşma. Bu il qonşu bütün ölkələrin liderləri ilə görüşlərim və təmaslarım olub. Həm işgüzar, həm də rəsmi səfərlər çərçivəsində… Ayaqüstü söhbətlər də olub, amma həmçinin rəsmi və işgüzar görüşlər də keçirilib. Bu il artıq iki rəsmi nümayəndə heyətimiz Azərbaycana səfər edib. Yaxın günlərdə əminəm ki, Azərbaycan nümayəndə heyətləri də Ermənistana gələcək. Bu il Azərbaycan vasitəsilə qatar Ermənistana daxil olub. Mətbuatda neft məhsullarının idxalı məsələsinin də müzakirə edildiyini oxuyuram. Bu isə balanslaşdırma və balanslaşdırılmış xarici siyasətdir və burada biz artıq uğur əldə etmişik. Bu uğurdan niyə imtina etməliyik? Bu uğuru inkişaf etdirmək lazımdır.
Biz deyirdik ki, Aİ ilə münasibətlərimizi Rusiya və ya AİB-in əleyhinə inkişaf etdirmirik. Deyirdilər: Necə yəni? Necə ola bilər? Bax elə bu cür”, - deyə Paşinyan vurğulayıb.


