Bakının Nizami rayonunda 48 yaşlı kişi qısqanclıq zəminində sevgilisinə xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə Nizami rayonu, E. Süleymanov küçəsində onların birgə yaşadığı mənzildə baş verib.
Salyan rayon sakini, 1977-ci il təvəllüdlü Elxan qeyri-rəsmi nikah münasibətində olduğu Əfsanə (adlar şərtidir – red.) ilə birlikdə yaşadığı mənzildə onun “Whatsapp” proqramında başqa bir oğlan ilə mesajlaşmasını aşkar edib.
Bu səbəbdən onların aralarında mübahisə baş verib. Bu zəminində yaranan mübahisə zamanı Elxan əli ilə qadının sifət nahiyəsindən bir neçə dəfə qəsdən vuraraq, onu döyüb.
Hadisəni törədən Elxanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Elxan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, törətdiyi əməli etiraf edib və əməlindən peşman olduğunu deyib.
Bu işə Nizami Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Bu səbəbdən zərərçəkən ona qarşı şikayətini geri götürüb, onu bağışlayıb.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli Demokrat.az


