"Keçmiş Dağlıq Qarabağ probleminin uğurla həllindən sonra ATƏT, xüsusilə Minsk Qrupu bölgədə öz nüfuzunu xeyli itirmişdi. 2020-ci ildən 2025-ci ilə qədər təşkilatın bölgədə aktiv rolundan danışmaq çətin idi, çünki həm təsir imkanları məhdud idi, həm də 30 ildən artıq Azərbaycanı aldatması onun etibarını sarsıtmışdı. Lakin noyabrın 30-da ATƏT rəhbərliyi üzv dövlətlərin nazirlərinin dəstəyi ilə Azərbaycanın və Ermənistanın müraciətinə cavab olaraq Minsk Qrupunu və əlaqədar strukturları hüquqi olaraq buraxmaq qərarı qəbul etdi. Bu, ATƏT-in bölgə dövlətlərinin təşəbbüsü əsasında praktik addım atmasının nümunəsi oldu və Azərbaycan diplomatiyasının təsirini göstərdi".
Bunu Demokrat.az-a açıqlamasında siyasi şərhçi Aydın Quliyev deyib".
O, bildirib ki, hazırki şəraitdə ATƏT-in bölgədə təhlükəsizlik və əməkdaşlıq məsələlərində ciddi rol oynadığını demək çətindir, amma təşkilat keçid mərhələsindədir:
"Gələcəkdə fəaliyyəti artırsa, bölgədə proseslərə yenidən təsir edə və sülhün təşviqində daha aktiv rol oynaya bilər. Xüsusilə, Ermənistanda revanşist qüvvələrin yüksəlməsinin qarşısını almaq və regionda təhlükəsizliyi təmin etmək baxımından ATƏT-in müəyyən imkanları mövcuddur".
Ekspert bildirib ki, Azərbaycan ATƏT-lə əməkdaşlığı davam etdirir və ümid edir ki, təşkilat bölgədə sülh və təhlükəsizliyin təşviqində əhəmiyyətli bir beynəlxalq qurum kimi özünü göstərəcək:
"Bunun üçün ATƏT ilk növbədə bölgədə nüfuzunu bərpa etməli, 30 illik fəaliyyətin zədələdiyi etibarı artırmalı və sülh prosesinə daha aktiv təsir imkanları yaratmalıdır".
Əfsanə Kamal Demokrat.az


