Bakının Nərimanov rayonunda qardaşlar arasında yaşanan mübahisə cinayətlə nəticələnib.
Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin iyulun 28-də baş verib. Bakı şəhər sakini, 1974-cü il təvəllüdlü Eldar həmin gün saat 22:20-də yaşadıqları ünvanda qardaşı Ehtiramın onun arvadının ünvanına nalayiq ifadələr işlətməsi səbəbindən onunla mübahisə edib.
Aralarında yaranmış mübahisə zamanı yumruqla qəsdən qardaşının başından və bədəninin digər nahiyələrindən vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Hadisəni törədən Eldarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Eldar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, qardaşı ilə barışdığını, törətdiyi əməldən peşman olduğunu deyib.
Bu işə Nərimanov Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkənlə barışıq əldə edib. Zərərçəkən ona qarşı şikayətinin geri götürüb.
Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib.
Fariz Məlikli Demokrat.az


