“Azərbaycan Prezidentinin Mərkəzi Asiya dövlət başçılarının sammitində iştirakı özü-özlüyündə mühüm hadisədir. Bu, Azərbaycanın gələcək inkişaf vektorlarının artıq müəyyənləşdiyini və geosiyasi prioritetlərinin dəqiq şəkildə formalaşdığını göstərir”.
Bu sözləri Demokrat.az-a açıqlamasında politoloq Turab Rzayev deyib.
O əlavə edib ki, Azərbaycan "Orta Dəhliz" adlanan beynəlxalq nəqliyyat və ticarət marşrutu çərçivəsində Çin, Orta Asiya, Qafqaz, Türkiyə və Avropanı birləşdirən önəmli ölkəyə çevrilməkdədir:
“Bu baxımdan, həm Gürcüstan, həm Türkiyə, həm də Avropa İttifaqı ilə münasibətlərin inkişafı paralel olaraq Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığın da dərinləşməsini zəruri edir. Azərbaycanın Qazaxıstan, Özbəkistan, Qırğızıstan və Tacikistanla əlaqələri təkcə siyasi müstəvidə deyil, iqtisadi, enerji, nəqliyyat-logistika və mədəni sahələri də əhatə edir. Qazaxıstanla enerji və logistika, Özbəkistanla qaz layihələri, Qırğızıstanla sosial-humanitar əməkdaşlıq, Tacikistanla isə iqtisadi-ticari sahələrdə əlaqələr genişlənir. Özbəkistan və Qırğızıstanla ortaq fondun yaradılması bu istiqamətdə mühüm addımlardandır. Mərkəzi Asiya ölkələri son illərdə xarici təhdidlərə qarşı daha sıx əməkdaşlıq etməyə çalışır. Onların ABŞ, Çin, Rusiya və Aİ ilə 5+1 formatlı görüşləri bu regionun beynəlxalq əhəmiyyətini artırır. Artıq Azərbaycanın da bu platformalarda dolayı və ya rəsmi şəkildə təmsil olunması ehtimalı müzakirə olunur”.
Politoloq bildirib ki, bu da Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə strateji tərəfdaşlığının yeni mərhələyə qədəm qoyduğunu göstərir:
“Azərbaycan bu ölkələrin Avropaya çıxışında mühüm tranzit rol oynayır. Özbəkistan və Qazaxıstanın mineral resurslarının Avropaya daşınmasında Azərbaycan alternativ marşrut kimi önə çıxır. Bu, xüsusilə Fransanın enerji təminatı kimi məsələlərdə də öz əhəmiyyətini göstərir. Bütün bunlar göstərir ki, Azərbaycan yalnız ikitərəfli deyil, çoxtərəfli əməkdaşlıq müstəvisində də Mərkəzi Asiya ölkələri ilə münasibətləri inkişaf etdirməyə sadiqdir. Bu əlaqələr təkcə türk dövlətləri kontekstində deyil, geniş regional əməkdaşlıq prizmasında da strateji əhəmiyyət kəsb edir və perspektivdə daha da möhkəmlənəcəkdir”.
Leyla Turan Demokrat.az


