Gündəm Özəl

"Like” boşanma səbəbi OLA BİLƏR: Azərbaycanda hüquqi mövqe necədir?

Like” boşanma səbəbi OLA BİLƏR: Azərbaycanda hüquqi mövqe necədir?

"Azərbaycanda boşanma üçün xüsusi əsas tələb olunmur. Yəni tərəflərdən biri sadəcə “bir yerdə yaşaya bilmirik” deyirsə, bu artıq kifayət edir. Məhkəmə əlavə əsaslandırma tələb etmir".

Bunu Demokrat.az-a açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib.

O, bildirib ki, Türkiyədə və bir sıra Avropa ölkələrində vəziyyət fərqlidir:

"Orada “elə-belə” boşanma olmur. Tərəf mütləq konkret əsas göstərməlidir. Məsələn, xəyanət və ya digər ciddi səbəblər. Hətta bəzi ölkələrdə yeni məhdudiyyətlər tətbiq olunub. Vətəndaş gedib sadəcə “boşanmaq istəyirəm” deyə bilməz, bunu hüquqi cəhətdən əsaslandırmalıdır".

Vəkil bildirib ki, xəyanət kimi hallar sübut tələb etdiyinə görə, həmin ölkələrdə bəzən dolayı əsaslar da ortaya çıxır:

"Məsələn, sosial şəbəkədə davranışlar, qarşı tərəfə hörmətsizlik kimi arqumentlər. Bizdə isə belə prosedur yoxdur. Azərbaycanda tərəflər boşanmaq istəyirsə, heç bir əlavə səbəb göstərmədən məhkəmə bu qərarı rəsmiləşdirir. Yəni əsaslandırma tələb olunmur, proses daha sadədir".

Qeyd edək ki, Türkiyədə Kassasiya Məhkəməsi əks cinsin paylaşımlarını “bəyənməyi” ailə etimadına zərər hesab edərək boşanma səbəbi kimi tanıyıb.

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova