Hadisə Özəl

Sosial şəbəkədə başqa qadınlarla danışan kişi arvadını planşetlə vurdu — TƏFƏRRÜAT

Sosial şəbəkədə başqa qadınlarla danışan kişi arvadını planşetlə vurdu — TƏFƏRRÜAT

Quba rayonunda 1991-ci il təvəllüdlü Əbdül ailə münaqişəsi zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Əfsanəyə (adlar şərtidir – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə bu ilin iyulun 17-də Quba şəhəri, Dəvədəbanı yaşayış massivində baş verib.

Əbdül həmin gün saat 14 radələrində həmin ərazidə olan yaşadıqları evdə arvadı ilə mübahisə edib.

Aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı arvadının başından əlində olan planşetlə vurub.

Hadisəni törədən Əbdülün barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə ifadə verən Əbdül ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.

O, ifadəsində göstərib ki, Əfsanə ilə 2018-ci ildən evlidir, rəsmi nigahı var:

“Əfsanə ilə son zamanlar münasibətim pozulub. Buna səbəb isə onun evdə hər xırda məsələyə görə söz-söhbət yaratması olub. İyulun 17-də, təxminən saat 14 radələrində yaşadığımız evdə otaqda Əfsanə mənim başqa qadınla danışmağımı irad tutdu, mübahisə etməyə başladı. Bu zaman Əfsanənin bu hərəkətindən qəzəbləndim və onun başından dəfələrlə əlində olan planşetlə qəsdlə vurdum. Daha sonra mübahisə sonlandı”.

Zərərçəkmiş Əfsanənin sözlərinə görə, Əbdüllə 6 ildir münasibəti pozulub:

“Əbdül məni dəfələrlə döyüb. Lakin bu illərdə mən ailəmə görə dözmüşəm. Sonuncu dəfə hadisə günü, evdə olduğumuz zaman otaqda başımdan dəfələrlə əlində olan planşetlə vurdu. Əbdüldən səbəbini soruşdum. O, yaxşı edərək məni döydüyünü dedi”.

Zərərçəkmiş ifadəsinin sonunda cinayət əməlini törətmiş şəxslə barışdığını bildirib, ona qarşı şikayət və tələbinin olmadığını bildirib.

O, qarşılıqlı razılaşma əsasında nikahın pozulması ilə bağlı məhkəməyə müraciət edəcəyini qeyd edib.

Bu cinayət işinə Quba Rayon Məhkəməsində baxılıb. Məhkəmə onların barışmasını nəzərə alıb və bu səbəbdən təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verib.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova