Diaspor

Azərbaycanlılar indi daha çox ABŞ-a miqrasiya edirlər — Rusiya dövrü bitdi

Azərbaycanlılar indi daha çox ABŞ-a miqrasiya edirlər — Rusiya dövrü bitdi

“Azərbaycan vətəndaşlarının miqrasiya istiqamətində baş verən dəyişikliklər əsasən iqtisadi səbəblərlə bağlıdır. Son illər Avropa və Amerikanın əmək bazarı daha açıq və daha cəlbedici olub”.

Bu sözləri Demokrat.az-a açıqlamasında iqtisadçı Azər Bayramlı deyib. O deyib ki, bu ölkələrdə əməkhaqqı səviyyəsi Azərbaycanla müqayisədə xeyli yüksəkdir:

“Peşəkar kadrlar, xüsusilə həkimlər və texniki ixtisas sahibləri daha yaxşı iş şəraiti tapırlar. "Green Card" kimi proqramlar ABŞ-a miqrasiyanı daha əlçatan edir. Almaniyanın kadr çatışmazlığı isə Azərbaycanlı mütəxəssislər üçün imkan yaradır. Ərəb ölkələrində yüksək maaşlar və rahat iş mühitləri miqrasiyanı daha da sürətləndirir. Bu ölkələrin təhlükəsiz və sabit olması da insanları cəlb edir. Rusiya əvvəllər əsas istiqamət olsa da, son illərdə iqtisadi qeyri-sabitlik bu ölkəni əvvəlki qədər cəlbedici etmir. Türkiyə isə dil və mədəni yaxınlıq səbəbilə yenə üstünlüyünü qoruyur”.

O qeyd edib ki, bu dəyişiklik Azərbaycanın iqtisadiyyatı üçün həm müsbət, həm də mənfi nəticələr yarada bilər:

“Müsbət tərəfi odur ki, xaricdə işləyənlər ölkəyə daha çox pul köçürürlər. Bu da ailələrin gəlirini və daxili istehlakı artırır. Lakin mənfi tərəfi ondan ibarətdir ki, peşəkar kadr axını ölkədə işçi çatışmazlığı yarada bilər. Xüsusilə tibb, mühəndislik və texniki sahələrdə boşluqlar daha çox hiss olunur. Kadr itkisi iqtisadi inkişaf tempini zəiflədə bilər. Uzun müddətdə bu proses Azərbaycanı daha yaxşı iş şəraiti yaratmağa məcbur edəcək. Əgər ölkədə əməkhaqqı yüksəlsə və iş şəraiti yaxşılaşsa, miqrasiya axını da balanslaşa bilər”.

Leyla Turan Demokrat.az

NE
Nihadə Eyyubova