Gündəm Özəl

"4 günlük iş rejimi ailələrdə maliyyə yükünü artıracaq" — Sosioloqdan AÇIQLAMA

4 günlük iş rejimi ailələrdə maliyyə yükünü artıracaq — Sosioloqdan AÇIQLAMA

"4 günlük iş rejiminə keçid məsələsi həm iqtisadi, həm də emosional tərəfləri olan mürəkkəb bir mövzudur. Mənəvi tərəfdən baxsaq, bu gözəldir, çünki hər bir insan istəyər ki, daha az işləsin, ailəsinin yanında daha çox vaxt keçirsin və ailəsinə daha çox diqqət yetirsin. Bu, əlbəttə ki, müsbət tərəfdir".

Bunu Demokrat.az-a açıqlamasında sosioloq Əhməd Rəhmanov deyib.

O, bildirib ki, Azərbaycanda yeni əmək qanunvericiliyinə görə, iş yerlərinin çoxu saat hesabı ilə əmək haqqı verir və nəzərə alsaq ki, verilən əmək haqqı normal yaşayış üçün yetərli deyil, bu, ciddi maliyyə problemi yaradır:

"Məsələn, üç nəfərlik bir ailəni dolandırmaq üçün əmək haqqı yetərli olmaya bilər. Uşaq da varsa və ata işləyirsə, saat hesabı ilə ödəniş onların normal dolanışığını təmin etmir. Əgər dörd günlük iş rejimi müəllimlərə, həkimlərə və ya inzibati işçilərə tətbiq olunarsa, bu, onların ailələrinə ciddi zərbə vura bilər".

Sosioloq bildirib ki, Azərbaycanda iş yerləri məhduddur və işsizlik hələ də yüksəkdir:

"Ona görə də, əgər bir ailə yüksək əmək haqqı alırsa, dörd günlük iş rejimi müsbət təsir göstərə bilər. Amma orta statistik əmək haqqı alan ailələr üçün bu, maliyyə yükünü artıraraq ailənin rifahına mənfi təsir edə bilər".

Əfsanə Kamal Demokrat.az

NE
Nihadə Eyyubova