Kriminal Özəl

Toyuna hazırlaşan gənc həmkəndlisinə xəsarət yetirdi

Toyuna hazırlaşan gənc həmkəndlisinə xəsarət yetirdi

Şəmkir rayonunda 30 yaşlı kişi həmkəndlisinə xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə ötən ilin oktyabrın 26-da rayonun kəndlərindən birində baş verib.

1995-ci il təvəllüdlü Əfqan Əlvanın (adlar şərtidir – red.) anası ilə mobil telefonda kobud danışmasına görə aralarında yaranmış mübahisə zamanı yumruqla onun sifətinə, dəmir ilə isə başına vurub.

Hadisəni törədən Əfqanın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib.

İş üzrə ifadə verən Əfqan ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, oktyabrın 26-da, saat 22 radələrində yaşadığı evin yaxınlığında həmkəndlisi Əlvan ilə aralarında olan borc məsələsinə görə mübahisə yaranıb: “Mübahisə zamanı yumruq və əlimdə olan dəmir parçası ilə zərərçəkmiş şəxsin sifət, baş nahiyəsinə zərbələr vuraraq ona xəsarətlər yetirdim”.

İş üzrə şahid qismində ifadə verən təqsirləndirilən şəxsin anası Səidənin sözlərinə görə, oğlu evlənməyə hazırlaşdığı üçün yaşadıqları evi təmir etdirmək üçün əri Baba təmir işləri üçün həmkəndlisi Əlvana zəng edib: “2024-cü ilin sentyabr ayının əvvəllərində Əlvan yaşadığımız evdə işləməyə başladı. O, işləyən zaman ərim ona hissə-hissə 600 manat verdi. Oktyabrın 26-da, saat 22 radələrində yaşadığım evdə olarkən Əlvan mənə zəng etdi və yaşadığım evdə olan atı 600 manat qarşılığında aparmaq istədiyini bildirdi. Mən isə Əlvana həmin atın 700 manata satacağımı, 600 manatı verməyəcəyimi bildirdim. Bu zaman oğlum yanımda olub. O, mobil telefonu əlimdən aldı, Əlvan ilə mübahisə etməyə başladı. Bundan bir müddət sonra yaşadığım evdə olarkən çöldən səs-küy gəldiyini eşitdim Çölə çıxan zaman yaşadığım evin yaxınlığında oğlum Əlvanı döydüyünü, ərim və qonşumuzun onları aradıqlarını gördüm”. Bu cinayət işinə Şəmkir Rayon Məhkəməsində baxılıb. Məhkəmədə məlum olub ki, təqsirləndirilən şəxs zərərçəkmişlə barışıq əldə edib. Bu səbəbdən zərərçəkmiş də onu bağışlayıb. Bu halları nəzərə alan hakim təqsirləndirilən şəxsin barəsində olan cinayət təqibinə xitam verib. O, cinayət məsuliyyətindən azad olunub.

Fariz Məlikli Demokrat.az

NE
Nihadə Eyyubova